“Qiymətlərin süni artırılmasının hər faizi...”

Əli Məsimli: “Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur”

Yaxın vaxtlarda maaş və pensiyaların artacağı barədə yayılan xəbərlər artıq rəsmi təsdiqini də tapmaqdadır.  Belə ki, bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin 6 ayının sosial-iqtisadi inkişafına dair müşavirəsində çıxış edən prezident İlham Əliyev də əhaliyə tezliklə maaş və pensiyaların artırılacağı müjdəsini verib. Heç şübhəsiz ki, bu xəbər cəmiyyətdə böyük ruh yüksəkliyi və sevinclə qarşılanıb. Əksər iqtisadi ekspertlər də dünyada ciddi iqtisadi və maliyyə böhranının mövcud olduğu bir vaxtda Azərbaycanda maaş və pensiyaların artırılmasını müsbət hal kimi qiymətləndirirlər. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, parlamentin iqtisadi məsələlər komitəsinin üzvü Əli Məsimli də indiki halda baş verəcək artımı müsbət dəyərləndirir. Eyni zamanda millət vəkili bu zaman iki məqama da diqqət yetirməyi vacib sayır. Bildirir ki, müəllimlər, həkimlər, elm, mədəniyyət, incəsənət və digər sahələrdə çalışanlar və dövlət qulluqçuları, eləcə də pensiyaçıların ilin əvvəlindən gözlədiyi artım yaxın vaxtlarda mütləq baş verəcək: "Ancaq bu zaman 2 vacib məqamı da qeyd etməyi vacib hesab edirik. Birincisi, maaş və pensiyaların artırılmasının neçə faiz olacağı hamını düşündürür.  Rəsmi statistikaya görə, hazırda Azərbaycanda inflyasiya 2 faizdir və maaşların məqbul səviyyədə artırılması, sistemli anti-inflyasıya tədbirləri ilə tamamlanarsa, ölkədə makroiqtisadi sabitliyə heç bir xələl gəlməz. Azərbaycanda əməyin ödənişi xərclərinin UDM-dəki payı məqbul hesab oluna biləcək həddən xeyli aşağı olduğundan, süni qiymət artımının qarşısı alınsa, maaşların artımı ciddi inflyasıya mənbəyi ola bilməz". Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin güzəranına iqtisadi proseslərin məntiqindən doğan inflyasiya yox, süni qiymət artımı ucbatından yaranan inflyasiya daha çox xələl gətirir: "Çünki inflyasiyanın yarısından azı ölkədaxili iqtisadi proseslərin məntiqindən doğan və "xaricdən gətirilən malların üstündə gələn" inflyasiya, yarıdan çoxu isə süni qiymət artımı ucbatından yaranan inflyasiyadır. Neçə illərin acı təcrübəsi göstərir ki, hökumət nümayəndələrinin maaşların artacağı barədə məlumat verdiyi günün səhəri, işbazlar qiymətləri süni şəkildə artırmağa başlayırlar. Qiymətlərin süni surətdə artırılmasının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur. Süni qiymət artımının cəmi 3 faizi isə əhalidən 500 milyon manatdan çox vəsaitin insafsızcasına qoparılması deməkdir. Ona görə də əgər kimsə kiminsə cibindən 5-10 manat pul oğurlayan zaman, ona bir necə il həbs cəzası verilirsə, süni qiymət artımı ilə məşğul olub, əhalinin çibindən hər il milyard manatlarla pul çıxaran mütəşəkkil cinayətkarlar da öz cəzasına çatmalıdırlar". Əli Məsimli bildirib ki, əhalinin yoxsul təbəqəsi bu cür süni qiymət artımından daha çox əziyyət çəkir: "İlin əvvəlindən maaşların artımını gözləyənərin haqqını süni qiymət artımı hesabına mənimsəməyə hazırlaşanların nəzərinə bu müqəddəs Ramazan ayında çatdırmaq istəyirəm ki, bu cür qazanc haramdır və ondan xeyir tapmaq olmaz. Digər tərəfdən sivil ticarətdə baha qiymətə satmaqla yox, ədalətli qiymətə çox mal satmaqla daha çox qazanmaq olur".

 
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31