TANAP Azərbaycana nə verəcək? - AÇIQLAMA

İlham Şaban: “Bu boru xətti yaxın və orta perspektivdə ancaq Azərbaycan qazının ixracı üçün hesablanıb”

Azərbaycan və Türkiyə arasında Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması haqqında hökumətlərarası saziş imzalanıb. Məsələyə münasibət bildirən iqtisadçı ekspert İlham Şaban deyir ki, TANAP Azərbaycan üçün önəmli layihədir. "Əvvəla, bu layihə Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulub. İlk öncə "Şahdəniz-2" layihəsi çərçivəsində çıxarılacaq qazın ixracına tuşlanıb, sonra ACG-nin dərin qatarındakı qazın ixracı və daha sonra Abşeron yatağındakı mavi yanacağın Avropaya daşınmasında əsas ixrac marşrutu kimi istifadə ediləcək. Buna uyğun olaraq da onun buraxılacaq gücü ildə 16 mlrd m3-dan 32 mlrd m3-dən artırıla bilər. Bunun 12 mlrd-i Turkiyə bazarına, 20 mlrd-i isə Avropa bazarına uzaq gələcəkdə nəql oluna bilər". Ekspert deyir ki, TANAP-ın xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu boru xətti yaxın və orta perspektivdə ancaq Azərbaycan qazının ixracı üçün hesablanıb: "Yəni Türkmənistan, İraq, İran və sair qazların Avropa bazarına çıxarılması üçün söhbət açmaq hazırda yersizdir. Çünki bu, sadəcə reallıqdan uzaq bir şeydir". İ.Şaban onu da qeyd edib ki, TANAP AB-nə alternativ qaz mənbələrindən yanacaq gətirəcək ən real layihədir: "Çünki 2017-ci ilin IV rübündə AB-nin sərhədində bu kəmər artıq hazır olmalıdır. İndiyə qədər bir gərb şirkəti belə bu zaman çərçivəsində hər hansı layihəni gerçəkləşdirib ərsəyə gətirəcəyini tam əminliklə ortaya qoymayıb.

Ona görə də, Azərbaycan və Türkiyənin iş birliyi nəticəsində reallaşacaq bu layihənin AB-nin enerji təhlükəsizliyində xüsusi rolu olmalıdır və rəsmi Brüssel bilməlidir ki, mifik layihələrin arxasınca sürünməkdənsə, real layihələrə dəstək vermək prosesləri nə qədər sürətəndirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31