Son 50 ildə ilk dəfə çəltikçilikdə sertifikatlı toxum əldə olunub
29 Dekabr 2022 13:50 İqtisadiyyatSon 50 ildə ilk dəfə olaraq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) sertifikatlaşdırılmış çəltik toxumu istehsal edilib. ƏETİ tərəfindən Lənkəran rayonunda istehsal olunan "Avanqard" çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrində qeydiyyatdan keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, "Avanqard" çəltik sortunun 500 kq "Orijinal" və 1200 kq "Super elit" toxumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb. Bundan başqa, 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli "Zəfər" və "Bəstə" sortları dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.
Çəltikçiliyin inkişaf etdirilməsi üçün yerli imkanlardan səmərəli istifadə edilməsi, yeni çəltik sortlarının genefondunun yaradılması, yerli şəraitə uyğun formalarının seçilməsi və onların toxumçuluq sisteminin yaradılması istiqamətində tədqiqat işlərinin əhəmiyyəti böyükdür. Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malaziyanın müvafiq elmi-tədqiqat müəsissələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir.