"Del-s Wealth” Cherry nectar və “Del-s Wealth” Peachın saxtalığı üzə çıxdı
Sərinləşdirici içkilər bazarında monitorinqlər davam etdirilir
27 İyun 2012 16:35 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Yaqubov küçəsi, ev 21 ünvanında Qüdrət Abasova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes sərinləşdirici içkilərinin saxlama müddətinin normativ texniki sənədlərlə təyin edilmiş müddətdən artıq göstərildiyi, etiketində tərkibinə daxil olan konservantlar və məhsulun qida dəyəri barədə məlumatların göstərilmədiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilmişdir.
Bundan başqa, yoxlama zamanı albalı və şaftalı nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan "Del-s Wealth" Cherry nectar və "Del-s Wealth" Peach nectar sözlərinin qeyd olunduğu müəyyən edilmişdir.
Qanun pozuntuları ilə əlaqədar, sərinləşdirici içkilərin istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən Qüdrət Abasova icrası məcburi göstəriş verilmişdir.
Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes sərinləşdirici içkisinin etiketində məhsulun şəkər tozundan hazırlandığı göstərildiyi halda, faktiki olaraq məhsulun şəkər əvəzləyicisindən hazırlandığı, habelə resepturada albalı və şaftalı nektarlarının istehsalında konservant kimi benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda, məhsulun tərkibində həmin maddənin olduğu aşkar edilmişdir.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə, Qüdrət Abasov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Araşdırmalar davam edir.