Gələn ildən pensiya artımında vahid indeksasiya metoduna keçiləcək
26 Dekabr 2022 14:08 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2022-ci il üzrə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib. "Olaylar" xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov DSMF gəlirlərində artım tempinin 2022-ci ildə də davam etdiyini qeyd edib. Bildirib ki, DSMF-nin 2022-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 548,8 mln. manat və ya 10,6 faiz çox olmaqla 5726,4 mln.manat təşkil edib. Həmin gəlirlərin 4580,5 mln. manatı məcburi dövlət sosial sığorta daxilolmaları olub ki, bu da əvvəlki illə müqayisədə 19,1 faiz və ya 733,2 mln. manat çoxdur. 2021-ci ilə nisbətən büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 1695,5 mln. manat və ya 21,7 faiz artaraq 302,7 mln. manat, qeyri-büdcə təşkilatları üzrə isə 2885 mln. manat və ya 17,5 faiz artaraq 430,5 mln. manat təşkil edib.
H.Məmişov DSMF-nin 2022-ci ildəki xərclərini də diqqətə çatdırıb. Qeyd olunub ki, Fondun bu ilki xərcləri ötən ilə nisbətən 8,4 faiz və ya 407,8 mln. manat artaraq 5250,3 mln. manat təşkil edib. Xərclərin 5083,8 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən illə müqayisədə 7,8 faiz və ya 366,8 mln. manat çoxdur. Son 4 ildə ölkəmizdə minimum pensiyanın 2,2 dəfə, orta aylıq pensiyanın 80 faiz, sosial müavinət və təqaüd ödənişlərinin 3,5 dəfə artdığı, bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunduğu, sosial təminat sisteminin əhatə dairəsinim daha da genişləndirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, pensiya islahatlarının davamı olaraq bu il "Əmək pensiyaları haqqında" Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.
2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Bu maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 mln. manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur. DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar, onların nəticələri barədə məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.