ARDNŞ neftçinin ölümü ilə bağlı rəsmi məlumat yaydı

İsmayıl Məmmədov neft buruğunda baş vermiş partlayış yox, vakuum kompressorunda qaz sızması və yanğın nəticəsində ölüb

İyunun 25-də, gecə saat təxminən 2 radələrində "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin 1-ci mədəninin 810 nömrəli meydançasında yerləşən alçaq təzyiqli NQK-7/1-5 markalı vakuum kompressorunda qaz sızması baş verib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, kompressor sexinin maşınisti Məmmədov İsmayıl Sadiq oğlu həmin nasazlığı aradan qaldırmaq istəyərkən yanğın olub.
Nəticədə kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb, İsmayıl Məmmədov özü ağır yanıq xəsarəti alıb. Təcili tibbi yardım göstərilməsinə, sahilə gətirilərək xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yanğının qarşısı alınıb. Hadisənin baş verməsinin səbəbləri dövlət komissiyası tərəfindən araşdırılır.

Qeyd edək ki, "Neft Daşları" NQÇİ-nin maşinisti, Hacıqabul rayon sakini İsmayıl Məmmədovun guya Pirallahı qəsəbəsində neft buruğunda baş vermiş partlayış nəticəsində dünyasını dəyişməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31