Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü onun cağdaş dünyadakı geosiyasi mövqeyini daha da önə çəkdi
29 Noyabr 2022 14:02 İqtisadiyyatII Qarabağ savaş sonrası regionda yeni geostrateji konfiqurasiya yaranmışdır ki, bu durumda dövlətimizin uğurlu enerji və nəqliyyat siyasəti nəinki yeni-yeni enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, onlar bölgədə geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının konturlarını da yaratmış oldu.
Bu yeni geoiqtisadi və geostrateji konfiqurasiyalar özü ilə yeni layihələrin bizimlə bərabər icra edən ölkələrin sayını da artırdı. Dövlətimizin apardığı praqmatik siyasət əsasında dünyada gedən düzgün təhlillər, o cümlədən ölkəmizin fəaliyyətinə verilən layiqli qiymətlər tam həqiqəti əks etdirir.
Il Qarabağ müharibəsinin nəticələri, o cümlədən bölgə üçün qaçılmaz olan geoiqtisadi, geosiyasi konfiqurasiyalar üzrə öz oyunçularının reallıqlarını da yaratmış oldu.
Odur ki, Avrasiyanın müasir geosiyasi xarakteristikasını və region ölkələrinin inkişaf perspektivlərini qiymətləndirən ekspertlər:
- onun əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini;
- yürütdüyü müstəqil daxili və xarici siyasətini;
- zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını,
- Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini;
- daxili ictimai-siyasi sabitliyi təmin etməsi, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını;
- son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər. Geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən bu amillər həm ölkənin dinamik inkişafını, həm beynəlxalq aləmdəki yeri və rolunu, həm də ikitərəfli və çoxtərəfli tərəfdaşlıq dəyərini özündə ehtiva edərək şərtləndirir.
Başqa geosiyasi əlamətlərinə - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətinə, maddi və mənəvi resurslardan yararlanma əmsalı və s. görə də Azərbaycan demək olar ki, Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur.
Azərbaycanın təbii və coğrafi resurslarına onun: 86,6 min kvadrat kilometr quru və 80 min kvadratkilometr Xəzər dənizindəki milli sektoru; Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi mövqeyi; avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya imkanları və s. daxildir.
Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri də onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır.
Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli yeri tutur. Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.
Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas strateji xəttini təşkil edəcəkdir.
Ümummilli Lider,Heydər Əliyevin təbirincə: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert




