Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın hərtərəfli inkişafına gətirib çıxardı
14 Oktyabr 2022 10:56 İqtisadiyyatİstiqamət: regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından daha biri yekunlaşmaq üzrədir. Söhbət sonuncu, 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramından gedir. Sayca dördüncü olan bu proqramın yekunlaşmasına demək olar ki, bir neçə ay qalıb. Sözügedən dövlət proqramı çərçivəsində də respublikanın ayrı-ayrı regionlarında, şəhər və rayonlarında kifayət qədər işlər görüldü, infrastruktur yeniləndi, yeni yollar salındı, əhalinin kommunal xidmətlərinin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. 2019-2023-cü illəri əhatə edən Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı başa çatdıqdan sonra çox güman ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yeni bir proqramın qəbul olunmasını təsdiqləyəcək. Sayca 5-ci olacaq bu proqramın əvvəlki proqramlardan kifayət qədər fərqlənəcəyi də istisna edilmir. Çünki növbəti Dövlət Proqramının əhatə dairəsi də xeyli geniş olacaq. Beşinci Dövlət Proqramı həm əhatə dairəsi, həm də görüləcək işlər baxımından digər Dövlət Proqamlarından kifayət qədər çox fərqlənəcək, eyni zamanda tarixə düşəcək bir proqram olacaq. Elə iqtisad elmləri üzrə fəlsəfə doktoru, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da bu qənaətdədir.
![]()
İqtisadçı deyir ki, əgər sayca beşinci Dövlət Proqramı qəbul edilərsə, bu tarizi zəfərimizdən sonra qəbul ediləcək ilk Dövlət Proqramı olacaq və heç şübhəsiz ki, həmin proqrama işğaldan azad edilən ərazilərimiz də salınacaq: "Bildiyiniz kimi hazırda icrası davam edən və bir neçə aydan sonra icrası başa çatacaq sayca dördüncü Dövlət Proqramı İkinci Qarabağ müharibəsindən əvvəl, 2019-cu ildə qəbul edilmişdi. Sözügedən Dövlət Prpqramının qəbulundan 1 il sonra isə, yəni 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi başladı. Ona görə də həmin Dövlət Proqramında hazırda işğaldan azad edilən ərazilərimizdə görüləcək işlər əksini tapmamışdı. İndi isə çox güman ki, qəbul ediləcək yeni Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlər geniş əks olunacaq".
Arzuman Muradlı bildirib ki, ümumən indiyə qədər icra olunan dörd Dövlət Proqramı Azərbaycanın hərtərəfli inkişafına gətirib çıxarıb: "Bildiyiniz kimi, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulu, onun icrası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin adı ilə bağlıdır. Məhz Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük etimadı ilə dövlət başçısı seçildikdən sonra ümumilikdə Azərbaycanın inkişaf strategiyasını hazırlamış oldu ki, bu da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları idi. Sözügedən proqram adından da göründüyü kimi təkcə Bakı şəhərini deyil, ümumilikdə ölkəni, Azərbaycanın regionlarını inkişaf etdirməyi özündə ehtiva edirdi. Bildiyiniz kimi ilk belə proqram 2004-cü ildə qəbul edildi. Bundan əvvəl isə Cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzalandı. Regionların 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrası müddətində respublikanın siması demək olar ki, tamamilə dəyişdi, ölkə geniş bir tikinti meydançasına çevrildi". Arzuman Muradlı qeyd edib ki, Dövlət Proqramının uğurlu icrası qısa zamanda ölkədə 600 minə yaxın yeni iş yerinin açılması, əhalinin təbii qaz, elektrik enerjisi, içməli suya olan tələbatının ödənilməsi, şəhərlərarası və rayonlararası, eləcə də rayon və kəndaxili yolların çəkilməsi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarınınb tikilib istifadəyə verilməsinə imkan yaratdı: "Nəticə etibarilə görülən işlər, regionların inkişafı rayon, kənd insanının paytaxtdan yenidən öz elinı, obasına qayıtmasına, yaşadığı, doğulub boya-başa çatdığı rayonda iş tapa bilməsinə yol açdı. Sözügedən Dövlət Proqramının uğurlu icrası və əldə edilən nailiyyətlər 2009-2013-cü illəri əhatə edən ikinci, 2014-2018-ci illəri əhatə edən üçüncü və nəhayət hazırda da icrası davam edən 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramının qəbul edilməsinə stimul verdi, şərait yaratdı".
Arzuman Muradlı onu da bildirib ki, bundan əvvəl icra olunan hər üç Dövlət Proqramı kimi hazırda icrası davam etməkdə olan dördüncü Dövlət Proqramı çərçivəsində də qarşıya qoyulan məqsədlərə nail olunacaq, proqramda nəzərdə tutulan bütün tədbirlər uğurla başa çatdırılacaq: "Buna heç bir şübhə yoxdur. Hazırda davam edən proqram çərçivəsində ötən 3 ildən artıq müddətdə əldə edilən nailiyyətlər belə deməyə əsas verir".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir