Rövnəq Abdullayev “Statoyl” şirkətinin nümayəndə heyətini qəbul edib
9 İyul 2013 19:46 İqtisadiyyatBu gün ARDNŞ-in prezidenti Rövnəq Abdullayev "Statoyl" şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidlandın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Azadinform" ARDNŞ-nə istinadən xəbər verir ki, Rövnəq Abdullayev "Statoyl" şirkəti ilə ARDNŞ arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb, son dövrdə "Statoyl"un iştirak etdiyi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində aparılan neft-qaz əməliyyatlarında mühüm irəliləyişlər əldə edildiyini söyləyib.
"Statoyl" şirkətinin Avrasiya üzrə baş vitse-prezidenti Torgeir Kidland Azərbaycan qazının Avropaya nəql edilməsi üçün boru kəmərinin seçiminin başa çatması münasibəti ilə ARDNŞ-nin prezidentini təbrik edib, seçimin uğurlu olduğunu və Transadriatik qaz boru kəmərinin (TAP) Avropa istehlakçılarının təbii qazla təchiz edilməsi baxımından mühüm töhfə verəcəyinə inandığını qeyd edib. O, vurğulayıb ki, "AÇG" və "Şahdəniz" kimi regional və qlobal əhəmiyyətli net-qaz layihələrindən sonra "Zəfər-Məşəl" strukturunda kəşfiyyat işlərinə başlanılması "Statoyl"un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üçün çox vacibdir. Torgeir Kidland həmçinin bu gün səhər "Yeni Çıraq Layihəsi" çərçivəsində inşa olunan platformanın tikinti meydançasında olduqlarını və platformada artıq son tamamlama işlərinin aparıldığından məmnunluğunu bildirib.
Rövnəq Abdullayev birgə layihələr üzrə işlərin qrafikə uyğun getdiyini qeyd edib, TAP boru kəmərindən danışarkən bildirib ki, bu seçim Azərbaycanın "Cənub enerji dəhlizi" konsepsiyasına sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. R.Abdullayev TAP boru kəmərinin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın rolunun artırılması üçün geniş imkanlar açacağına inandığını söyləyib.