Mikayıl Cabbarov Almaniya səfiri ilə görüşüb
28 Sentyabr 2022 15:39 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb. "Olaylar" xəbər verir ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb, iqtisadi əlaqələrin genişlənməsində Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu qeyd edilib.
Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. Görüşdə Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının mövcud vəziyyəti və inkişafı istiqamətləri, Tvinninq layihələri, investisiya, enerji və biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.