Ödənişli ictimai işlərə kimlər cəlb edilə bilər?

Son vaxtlar haqqı ödənilən ictimai işlərin təşkili problemə çevrilib. Əslində vətəndaşların bir çoxlarının bu sahədə məlumatları da kifayət qədər deyil. Bəs, haqqı ödənilən ictimai işlər hansılardır? Dövlət Məşğulluq Xidmətindən "Olaylar" a verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün həyata keçirilən mühüm tədbirlərdən biri də haqqı ödənilən ictimai işlərin təşkilidir. Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb edilməyən müvəqqəti əmək fəaliyyətidir. İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

Ərazinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər uşaq müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;

kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə qulluq;

digər sosial əhəmiyyətli işlər.

Məşğulluq Xidməti orqanları mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə müqavilələr üzrə işaxtaranların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.

Haqqı ödənilən ictimai işlər işaxtaran və işsiz vətəndaşların xüsusi peşə hazırlığı tələb etməyən müvəqqəti əmək fəaliyyətidir ki, bu da onların yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Bu tədbirlərin əsas əhəmiyyəti işaxtaranın əmək vərdişlərini itirməməsini təmin etməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31