TAP layihəsi bölgəni qarışdıra bilər

Hegemon güclərin “Avrasiya Enerji Strategiyası” çərçivəsində Azərbaycan və Mərkəzi Asiya siyasətlərində işləri heç də asan olmayacaq

ABŞ enerji təhlükəsizliyini və qlobal iqtisadi sistemini qaranta almaq üçün dünyanın ən əhəmiyyətli yanacaq və karbohidrogen istehsalçısı ölkələrini təsir dairəsinə salmaq siyasəti izləyir. Ağ Ev ənənəvi taktikasını həmin dövlətləri iqtisadi əməkdaşlıq və hərbi güc tətbiq etmək vasitəsilə həyata keçirir.  İqtisadiyyatının neft idxalatından olan asılılığının davamlı şəkildə artması hökuməti narahat edir. 2000-ci illərin əvvəllərindən başlayaraq ABŞ-ın neft idaxalatında əsas pay sahibi Körfəz ölkələridir. Amerika enerji təminatındakı müxtəlifliyini artırmaq üçün Xəzər hövzəsinə (Azərbaycan, İran və Mərkəzi Asiya) diqqətini artırıb. Ağ Ev başa düşür ki, Körfəzdə baş verəcək hər hansı qarışıqlıq vəziyyətində hökumət ABŞ, Qərb və Yaponiyaya olan neft idxalatında yaranacaq problemlərin qarşısını ala biləcək. Amerika isə Xəzər hövzəsinin enerji qaynaqlarını ələ keçirmək üçün İran və Rusiya faktorlarına görə ciddi problemlərlə qarşı-qarşıya dayanıb. Vaşinqton bölgədə çəkisini ağırlaşdırmaq üçün Azərbaycanın reallaşdırdığı beynəlxalq layihəyə dəstək verir. Xəzərdə Amerikanın mövqeyini təyin edən ana xətt onun enerji mənfəətidir. Bunun üçün Obama hökuməti mümkün qədər tez İran və Rusiyanın bölgədəki nüfuzunu azaltmaq istəyir. Vaşinqton ilk növbədə məsələni lehinə çevirmək üçün, xüsusən də Mərkəzi Asiyanı Qərbə yaxınlaşdırmağa çalışır. Amerikanın hövzədə ən böyük problemi İranla bağlıdır. Hökumət İİR-i regional və beynəlxalq səviyyədə dünyadan təcrid siyasəti yürüdür. Vaşinqton müəyyən iqtisadi sanksiyalarla bunun nail ola bilib. Plan baş tutacağı təqdirdə Amerika Xəzərdə uzunmüddətli enerji ixracatının diversifikasiyası, İrana əhəmiyyətli dərəcədə siyasi, iqtisadi və strateji mənfəət təmin edəcək layihələrin qadağan edilməsi və blokadaya salınmasına nail olacaq. Bundan sonra Amerika şirkətləri "Xəzər Boru Kəməri konsorsiumu"nun yenidən gündəmə gəlməsinə münbit şərait yaradacaq. Azərbaycan bu baxımdan nəhəng enerji resursları və geosiyasi baxımdan çox əhəmiyyətlidir. Rusiyanın  Azərbaycandakı maraqları təmin olunarsa bu, Qərb yönlü güclərin planlarının alt-üst olması demək olacaq. Faktor Amerika və Qərbin Mərkəzi Asiya planını da poza bilər. Azərbaycan Mərkəzi Asiyanın zəngin neft və qaz potensialının Avropa və bütün dünyaya çıxması üçün geniş strateji imkanlara malikdir. Vaşinqton Azərbaycan və Mərkəzi Asiya siyasətini 1998-ci ildə "Xəzər Dənizinə Giriş" konsepsiyası ilə açıq elan edib. Amerika şirkətlərinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dəstəyinin artırması bu yöndə ilk taktiki gediş sayılır. Qısa müddətdən sonra hökumət enerji diplomatiyasını İran və Rusiya faktoru ilə siyasi istiqamətə çevirdi. Keçən müddət ərzində ABŞ Mərkəzi Asiyanın Rusiya tərəfindən təsir dairəsinə salınmaması üçün Qırğızıstana öz hərbi bazasını (Manas) yerləşdirdi. Amerikalı politoloq Brent Skouşroft iddia edir ki, ABŞ bölgədəki çəksini artırmaq istəyirsə ilk növbədə Vaşinqton Xəzər dənizinin altından keçməklə Qazaxıstan və Azərbaycanı birləşdirən bor kəmərinin çəkilməsinə nail olmalıdır. Bu amil Rusiyanın Avropadakı enerji bazarına ciddi şəkildə zərbə vura bilər. Vaşinqton Türkmənistan və Azərbaycan qazının ABŞ-ın mənfəəti üçün əldə etməyə çalışmadığını bildirir. Ağ Ev Xəzərdə sərgilədiyi siyasəti dünyanın qlobal enerji təhlükəsizliyinin təmini üçün yürütdüyünü iddia edir. Mövcud strategiyada Obama hökumətinin əldə etmək istədiyi əsas nəticə Rusiyaya ağır şəkildə iqtisadi zərbə vurmaq və Avropadadakı enerji inhisarını aradan qaldırmaqdır. Ağ Ev Xəzər qazının beynəlxalq bazarlara çıxarılmasını "Şərq-Qərb Enerji dəhlizi strategiyası"nın əsas hissəsi kimi qiymətləndirir. ABŞ Azərbaycanın "Şahdəniz" və Türkmənistanın təbii qaz ehtoyatlarını eyni dəhlizlə Avropa bazarına çıxarılmasını hədəfə alıb. Məsələ ilə əlaqədar Türkmənistan və Azərbaycan arasında razılaşma əldə olunsa, plan həyata keçə bilər. Azərbaycanla bağlı problem olmasa da Türkmənistan Rusiya faktoruna görə ortaq boru kəmərinin çəkilməsinə ehtiyat edir. Digər tərəfdən Xəzərin bölüşdürülməsi ilə əlaqədar Azərbaycan və Türkmənistan arasında olan anlaşılmamazlıq ("Sərdar" və "Kəpəz" yataqları) da ABŞ-ın planlarını alt-üst edir. Əslində Türkmənistanın iddia etdiyi ərazilər tamamilə Azərbaycanın payına düşən hissələrdir. Türkmən qazının əsas alıcı bazarının Rusiya olması da məsələyə təsirsiz ötüşmür. Moskva Amerikanın enerji diplomatiyasını puç etmək üçün qəsdən pay iddiası ilə Türkmənistanı Azərbaycana qarşı qoyur. Həqiqətdə də türkmənlərin Xəzər iddialarının arxasında Kreml dayanır. Rusiya başa düşür ki, iki əsas qaz nəhəngi - Azərbaycan və Türkmənistan arasındakı anlaşılmamazlıq ABŞ və Qərbin planlarını alt-üst edəcək. Ağ Ev isə məsələni 2006-cı ildə iştirakçı ölkələrin təsdiq etdiyi (Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya) 7.9 milyard avro dəyərində, illik 30 milyard kubmetr qaz daşımaq gücünə malik olan "NABUCCO" (3300 km) layihəsilə həll etməyə çalışır. Qaz kəməri çəkiləcəyi təqdirdə Avropanın Rusiyadan olan qaz asılığı problemi aradan qalxacaq. Layihə ölkələrinin əsas qaz bazarları Azərbaycan, Qazaxıstan, İraq, İran, Misir və Türkmənistan olmalıdır. İlkin mərhələdə Azərbaycan müəyyən qədər layihəyə qoşulmaqda istəkli görünsə də, Türkəmənistan tərəddüd etdi. Türkmənistanın geri çəkilməsilə Azərbaycan "NABUCCO"da əsas pay sahibi ola bilər. Türkmənistan isə müəyyən təzyiqlərə görə qaz ehtiyatlarının əsas hissəsini Çin, Rusiya və İrana satmaq niyyətindədir. Pekin bununla ABŞ-ın Çinin sərhədlərinə yaxınlaşmasına əngəl olmağa, Rusiya Vaşinqtonun strateji və enerji diplomatiyasına zərbə vurmağa çalışır. Tehran isə təktərəfli şəkildə türkmən qazına sahib olub ixrac etmək istəyir. İran isə hələlik ona tətbiq edilən iqtisadi sanksiyalara görə "əhatə dairəsi xaricindədir". Vaşinqton bununla dünyanın qaz ehtiyatının 16%-nə (29.6 trilyon kubmetr) sahib İranı "NABUCCO"ya qoşmağı hədəfə alıb. Ruhani hökuməti ilə razılaşmalar əldə olunarsa, Amerika "NABUCCO" vasitəsilə İran qazını Avropaya çıxara bilər. Hələlik isə bu istiqamətdə razılıq olmadığından Vaşinqton İrana yeni sanksiya paketləri təqdim etməkdədir. İranın ABŞ və Qərblə razılaşmaya getməməsinin arxasında Kreml faktoru dayanır. Belə olan təqdirdə "NABUCCO" layihəsinin səhmdarı olan ölkələr (Almaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Türkiyə və Avstriya) rus təzyiqlərinə qarşı asanlıqla müdafiə oluna biləcəklər. Çünki, Almaniya 43%, Bolqarıstan 89%, Avstriya 74%, Türkiyənin isə Rusiyadan 60% qaz asılığı var. Həmin dövlətlər Rusiyanın ən böyük enerji bazarlarıdır, Moskva isə milyardlarla dolları havaya sovuracaq qədər sadəlövh deyil.  

Rusiyanın da iştirakçısı olduğu "TAP" ("Trans Adriatic Pipeline") layihəsinin ortaya atılması ABŞ-ın strateji "NABUCCO" planını alt-üst elədi. "TAP" kəmərinin çəkilməsi ABŞ və Rusiyanın bölgə planlarına da əngəl ola bilər. Digər tərəfdən "TAP" ABŞ və Rusiyanın regiondakı nüfuz mübarizəsini açıq müstəviyə keçirəcək. ABŞ Rusiyanın layihədə böyük hissə ilə iştirakına razı olmayacaq, Moskva da Vaşinqtonun kəmərdəki məqsədlərilə razılaşmayacaq. Layihə hər iki tərəfin əsəblərini tarıma çəkəcək. Hegemon güclərin "Avrasiya Enerji Strategiyası" çərçivəsində Azərbaycan və Mərkəzi Asiya siyasətlərində işləri heç də asan olmayacaq. Rusiya bölgədəki tarixi üstünlüyünü itirməməyə çalışacaq, Vaşinqton isə əksinə Kremlin strateji gedişlərinə əngəl olmağa çalışacaq. Bu isə region üçün yaxşı nəticələr ortaya qoymayacaq. Çünki bölgədə baş verən hər hansı gərgin proseslərdən qazanclı çıxan tərəflər Rusiya və ABŞ olacaq. Hegemon olmaq strategiyasında üstün güc olmaq maharibəsində region dövlətləri və xalqları ziyan görəcəklər.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31