“İran iqtisadiyyatının dayaqları sarsılacaq” - EKSPERT RƏYİ
İqtisadçı ekspert: “Avropanın neft embarqosu reallaşsa İranda kütləvi işsizlik yaranacaq”
25 İyun 2012 15:59 İqtisadiyyatİrana qarşı tətbiq edilən sanksiyaların daha da sərtləşdirilməsi istiqamətində aparılan işlərin məntiqi sonluğu yaxın aylarda özünü büruzə verə bilər. Belə ki, Avropa Birliyinin İran neftinin alınmasına dair qoyduğu embarqo iyulun 1-dən etibarən qüvvəyə minəcək. Ekspertlər qeyd edir ki, embarqonun qüvvəyə minməsi İran iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Nəticədə İranın iqtisadi dayaqları sarsılacaq: "İran neftinin alınmasına dair tətbiq olunan embarqo İranın sənayesində ciddi fəsadların yaranmasına gətirib çıxaracaq. Gözlənilən odur ki, embarqonun tətbiqindən sonra İranda kütləvi işsizlik halları artsın. Əhalinin sosial-iqtisadi vəziyyəti daha da pisləşsin. Bu isə daxili narazılıqların yaranmasına gətirib çıxaracaq". Politoloqlar məsələ ilə bağlı qeyd edir ki, AB-I belə bir qərar qəbul etməklə ümumilikdə İran hakimiyyətini daxildə baş qaldıran narazılıqlarla baş-başa qoymaq istəyir. Qərb düşünür ki, hazırda neft gəlirləri və sənayedə olan inkişaf nəticəsində İranın iqtisadi imkanları genişdir. İran iqtisadi imkanlarından səmərəli istifadə üçün daha geniş miqyaslı işlər görmək istəyir. Bununda başında nüvə texnologiyası dayanır ki, bu gün bu texnologiyadan təhlükəsizlik məqsədləri üçün istifadə olunduğunu bəyan edən İran əslində nüvə texnologiyasını inkişaf etdirməklə regionda hegemon dövlət olduğunu göstərmək istəyir. İranın bu addımı çox gözəl başa düşən AB eləcədə ABŞ gələcək bəlalardan qorunmaq üçün sanksiyaların vəziyyətdən çıxış yolu kimi görür. AB tərəfindən İran neftinə tətbiq edilən embarqo məsələsinı münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyir ki, İran neftinə tətbiq edilən embarqo dünya bazarında neftin qiymətinin qalxmasına təsir göstərəcək. Onun sözlərinə görə, qiymət artımı qısamüddətli olacaq: "Bu gün dünya bazarlarında neftin qiymətinə daha çox geosiyasi proseslər təsir göstərir.
Yəni hər hansı böhran yaranan kimi neftin qiyməti qalxır. Ancaq məsələ ondadır ki, bu gün Avropa Birliyi ölkələri borc probleminin yaşayır. Bu ölkələrdə neftə tələbat faktiki olaraq azalır. Bütün bunlara baxmayaraq onu demək olar ki, İran neftinə embarqo qoyulması neftin qısamüddətdə bahalaşmasını şərtləndirəcək. Sonradan proses neftin ucuzlaşması ilə davam edəcək". Ekspert deyir ki, AB-nin İran neftinin alınmasına dair tətbiq etdiyi embarqo İraqın neft ixracını artırmasına gətirib çıxarıb. Bu isə onu demək olar ki, yaxın zamanda bazarda İran neftinin yerini İraq nefti tutacaq. S.Əliyev onu da qeyd edib ki, bu gün İran neftini Yunanıstan və İtaliya alır.
Hər iki Avropa ölkəsinin iqtisadi böhrandan ziyanla çıxması bu ölkələrdə neftə olan tələbatı azalmasını şərtləndirib. İndiki halda embarqonun tətbiq edilməsi hər iki ölkənin başqa tərəfdaş ölkə axtarışına çıxmasını şərtləndirəcək. S.Əliyev İran nefti ilə bağlı yaranan vəziyyət bazarda neftin qiymətinə ciddi təsir edəcəyini deyib. Onun sözlərinə görə, yaxın zamanda neftin qiymətinin 100 dollar civarında dəyişəcəyini gözləmək olar. "Hətta xarici ekspertlər onun 60 dollara qədər ucuzlaşacağını da bildirirlər. Ona görə bu gün neftin qiyməti barədə birmənalı pronoz vermək çox çətindir. Hər şey dünya iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq. İstənilən halda 2012-ci ildə neftin qiyməti 120 dollar həddini ötməyəcək".
Ədil Ədilzadə