Avronun zəifləməsi Azərbaycana idxal edilən məhsulların xərcinə təsir edə bilər

Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı gözlənir

Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir.Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib. İndi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdı. Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib. İqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib ki, avronun kəskin ucuzlaşmasının əsas səbəbi məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar "qoca qitədə" real sektorun inkişafını ciddi şəkildə tormuzlayır: "Eyni zamanda, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür. Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər. FED bu il 2 faizlik infilyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək infilyası göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir". Onun bildirdiyinə görə, avronun ucuzlaşması Avropa məhsullarının  dollar ifadəsində ucuzlaşmasına səbəb olur: "Doğrudur, avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal infilyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir. Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir. Bu arada uzun müddətdən sonra Avropa Mərkəzi Bankının bu ay uçot dərəcəsini 0.25 faiz artıracağı gözlənilir. Amma yenə də Avropada uçot dərəcəsi okeanın o tayı ilə müqayisədə daha aşağı faiz bəndləri ilə yüksəldilir".

Millət vəkili onu da bildirib ki, avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsullarının xərcinə təsir edə bilər: "Amma avrozonada infilyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil. Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Bu arada İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır. Bu barədə İran Mərkəzi Bankından bildiriblər. Xarici ticarətdə dollardan imtina mümkündürmü və bu regiondakı ticari əlaqələrə necə təsir göstərə bilər? Millət vəkili qeyd edib ki, hər iki ölkəyə qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur. Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir: "İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon dollar olub. Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard dollardan da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 faiz artsa da yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərdən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3.3 milyard dollar olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 faiz artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağrışlar qalmaqdadır. Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard, 2025-ci ilədək isə 40 milyard dollaradək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür. Göründüyü kimi, sözügedən ölkələr arasında ticarət dövriyyəsi böyük olmadığı üçün dollardan imtina reallaşsa da belə bu regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək. Digər tərəfdən, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyili suallar var. İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalarda bunu reallaşdıra bilməyiblər. Belə görsənir ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi asan deyil- hətta Vaşinqtonun düşmənləri üçün də belə".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31