İlkin mənzil bazarında vəziyyət
1 İyul 2013 19:21 İqtisadiyyat"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin may ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. May ayında havaların nisbətən isinməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib. Alıcıların tədricən bazara qayıtmaları son nəticədə alqı-satqı əqdlərin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərin bu faktorda böyük rolu olsa da, tikinti şirkətlərinin qiymətləri stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə bağlanan əqdlərin sayında artım müşahidə edilib.
Beləliklə, may ayında aparılan araşdırmalara əsasən təklif portfelində orta qiymətə (700-800 manat arası) satışa çıxarılan mənzillərin payı artıb. Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn çoxmənzilli yaşayış binаlаrının sаyı 400-dən 396-ya düşüb. Xətai rayonunda satışdan çıxarılan binanın nəticəsində bu rayon üzrə yeni tikililərin sayı 82 olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, bir tikinti şirkəti siyahıdan çıxıb və say 131 olub.
Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
Qeyd etdiyimiz kimi, may ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı 864,3 manata qarşı 1,0% artaraq 873,2 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,3%, ötən ilə nisbətdə isə 7,7% artımla yadda qalıb.
2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 26,9% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub.