Azad Şuşa yenidən qurulur və bərpa olunur

Qarabağ və Şərqi Zəngəzurun bərpasına son 2 ildə  4 milyard 870 milyon manat vəsait ayrılıb

"Şuşa işğaldan azad olunandan sonra ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtına Zəfərdən bir neçə ay sonra getmişdim. O zaman, öz azadlığına yenı qovuşmuş qürur mənbəyimizin işğal müddətində baxımsız şəhərə çevrilməsi hər yerdə, hər küçədə hiss olunurdu. 28 illik işğal müddətində şəhərdə əksər tarixi abidələr tamamilə dağıdılmışdır. Artıq Azad Şuşa yenidən qurulur və bərpa olunur. Şəhərin hər yerində quruculuq işləri, tarixi abidələrin bərpası müşahidə olunur. Müzəffər Ali Baş Komandanımıza və şanlı ordumuza bu tarixi qüruru bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirik. Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyirik". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Şuşa şəhərində bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olundu. Bu məsələnin Şuşada müzakirəsi həmçinin rəmzi xarakter daşıyırdı. Çünki, dövlət büdcəsinə edilən yeni dəyişikliklərdən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat ayrılacaq: "Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına yalnız son 2 ildə dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılır. Azərbaycan heç bir xarici yardım olmadan, yalnız daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi qurur və bərpa edir. 2 il ərzində işğaldan azad olunan ərazilərimizin bərpasına büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması bir daha Azərbaycanın gücünü göstərir. Sürətli bərpa və yenidən qurma, ərazilərimizin minalardan təmizlənməsi bir daha təsdiq edir ki, məcburi köçkülərimizin daha qısa müddətdə öz ata-baba yurdlarına qayıdacaqlar. Kütləvi Böyük Qayıdış uzaqda deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31