Dünya taxıl qıtlığı təhlükəsində

Rusiya-Ukrayna müharibəsi dünyada yenidən ciddi şəkildə iqtisadi böhran, hətta aclıq təhlükəsi, ərzaq çatışmamazlığı kimi mənfi tendensiya yaradıb. Dünyanın iki əsas taxıl ixracatçılarından sayılan Moskva və Kiyevin müharibə səbəbindən xaricə taxıl satmaması qlobal miqyasda taxıl qıtlığına gətirib çıxarıb. Təsadüfi deyil ki, artıq beynəlxalq təşkilatlar bu barədə həyəcan təbili çalırlar. Birləşmiş Millətlər Təşkilatında Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker deyib ki, Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: "Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq".

Keçən həftə ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham etsə də, Rusiya bunu qəti şəkildə rədd edib. Blinken iddia edir ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov da hesab edir ki, sözügedən müharibə dünyada ciddi şəkildə taxıl qıtlığı yaradıb. Onun sözlərinə görə, 2019-cu ilin son aylarından başlayan Covid-19 pandemiyası və 24 Fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsi nəticəsində dünyada demək olar ki, hər sahədə, xüsusilə də iqtisadi sahədə ciddi problemlər yaranmağa başladı: "Dünya bir tərəfdən müharibələrdən, eyni zamanda onun yaratdığı qaçqın axını və miqrasiya problemlərindən, digər yandan havaların anormal keçməsi nəticəsində baş verən quraqlıqlar nəticəsində yaranmış ərzaq böhranından əziyyət çəkir. Demək olar ki, son baş verən proseslərdən sonra dünya böyük təhdidlərlə üz-üzə qalıb.  Dünyada iki taxıl istehsalçısı kimi qəbul edilən Rusiya və Ukrayna arasında baş verən müharibə nəticəsində Ukraynada taxıl istahsalı məsələsi xeyli dərəcədə azaldığı üçün 2022-ci il üçün ixrac məsələsi real görünmür. Ukraynadan fərqli olaraq isə Rusiya taxılın ixracı məsələsinə maraq göstərmədiyi və buna görə də taxıl 2022-ci ilin Avqust ayına qədər xaricə taxıl satışına qadağa qoyub. Bəzi ekspertlərin fikrincə, Rusiyanın taxılla bağlı atdığı addımı dünyada ərzaq böhranı yaratmaq üçün gediş kimi dəyərləndirir. Bu isə o deməkdir ki, Rusiya dünya ərzaq məsələsində həlledici rola malikdir. 2020-ci ilin statistikasına da nəzər salsaq belə mənzərə görə bilərik. Çin - 134,254,710 ton, Hindistan - 107,590,000 ton, Rusiya - 85,896,326 ton, ABŞ - 49,690,680, Kanada - 35,183,000, Fransa - 30,144,110, Pakistan - 25,247,511, Ukrayna - 24,912,350, Almaniya - 22,172,100, Türkiyə- 20,500,000. Statistikadan da məlum olur ki, Rusiya taxıl istehsalına görə dünyada 3-cü yerdə qərarlaşıb. Ukrayna isə 8-ci yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, bu iki ölkə dünya taxıl istehsalının təqribən 12-14%-i təmin edir. O zaman sual yaranır ki, Rusiya Ukraynadakı müharibə və taxıl ixracına qoyduğu qadağa ilə nələrə nail olmaq istəyir? Rusiya və Ukrayna arasında baş verənlər fonunda dünyanı hansı problemlər gözləyir? Əlbəttə ki, enerji məsələsində olduğu kimi ərzaq məsələsində də Rusiya böhran yaratmaqla həm qiymət artımına, həm də digər dövlətləri özündən asılı hala salmağa çalışır. Aydın məsələdir ki, baş verənlər nəticəsində dünyada taxılın qiyməti 40-45% artmışdır. Bu prosesə Hindistanda havanın quraq keçməsi, Qazaxıstanın satışa qoyduğu qadağa da təsir göstərib".

Samir Hümbətov hesab edir ki, əgər yaxın vaxtlarda vəziyyət stabilləşməzsə və Rusiya taxıl satışına qoyduğu qadağanı aradan qaldırmasa, bu süni qiymət artımını artıra bilər: "Nəzər alsaq ki, Rusiyanın illik taxıl satışı 50 milyon tondan artıqdır və qiymət artımı Rusiyaya milyardlarla dollar pul gətirəcək, o zaman məqsədin nədən ibarət olduğu məlum olur. Son verilən məlumatlara əsasən Çin Rusiya və Ukraynadan taxıl idxal ediləmsi ilə bağlı "yaşıl dəhliz" məsələsini təklif edib. Əlbəttə ki, Çinin əsas məqsədi bununla ərzaq təminatını təmin etməkdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31