“Üzümçülük və şərabçılıq məhsulları” üzrə Texniki Komitənin növbəti iclası keçirilib
24 May 2022 12:01 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) "Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan Almaniya Standartlar İnstitutunun ekperti Ameli Banhartın iştirakı ilə "Üzümçülük və şərabçılıq məhsulları" (AZSTAND/TK 22) üzrə Texniki Komitənin növbəti iclası keçirilib. İclasda Azərbaycan Standartlaşdırma İnstitutu, ÜŞETİ, Şərabçılıq Assosiasiyası və şərabçılıq müəssisələrinin nümayəndələri iştirak edib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, iclasda "Qida xammalından alınan etil spirti və araq. Qaz xromatografiyası üsulu ilə həqiqiliyin təyini" və "Alkoqollu məhsul və onun istehsalı üçün xammal. Gətirilmiş ekstraktın kütlə qatılığının təyini üsulu" standart layihələri ilə bağlı müzakirələr aparılıb. İclas iştirakçıları son bir il ərzində üzümçülük və şərabçılıq sahəsinin inkişafı istiqamətində görülən işlər, Texniki Komitənin işi və fəaliyyət planına daxil olan standartlar barədə fikir mübadiləsi aparıblar.Daha sonra qonaqlar institutun müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar. Nümayəndə heyəti emal laboratoriyasında aparılan işləri yüksək qiymətləndiriblər.
Tədbirin sonunda institutda müxtəlif illər ərzində hazırlanmış şərabların dequstasiyası keçirilib. Dequstasiya zamanı Ameli Banhart layihələrin müzakirəsinin faydalı olduğunu və Azərbaycan istehsallı şərabların yüksək keyfiyyətə malik olduğunu vurğulayıb. O, gələcəkdə birgə elmi əməkdaşlığın inkişaf etdirilməsi və Avropada Azərbaycan istehsallı şərabların tanıdılmasının zəruri olduğunu qeyd edib.