Sərinləşdirici içkilərin tərkibində nələr aşkarlandı?
33,9 ton sərinləşdirici içki İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil edilən monitorinqlər zamanı dövriyyədən çıxarılaraq məhv edilib
25 İyun 2013 19:30 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev bu haqda rəsmi orqana göndərdiyimiz sorğunu cavablandırarkən məlumat verib. S.Vəliyev ötən il ərzində sərinləşdirici içkilər bazarında aparılan monitorinqlər haqda məlumat verərək nəticələrindən də danışıb: "Ötən il ərzində səinləşdirici içkilər bazarında aparılan yoxlamalar zamanı 17 təsərrüfat subyektində məhsulların gigiyenik və uyğunluq sertifikatları, müvafiq reseptura olmadan istehsal edilməsi, etiketlərdə qeyd olunan saxlanma müddətlərinin normativ texniki sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi, normativ texniki sənədlərin nömrələrinin düzgün göstərilməməsi, istehsal tarixi, enerji dəyəri və məhsulların istehsalında istinad olunan normativ sənədlər haqda, həmçinin məhsulların üzərində Azərbaycan dilində heç bir məlumatın verilməməsi, xarici ölkədə istehsal olunmasına dair istehlakçıda yanlış təəssürat yaratmaq üçün markalanma zamanı əcnəbi sözlərdən istifadə edilməsi halları ilə qarşılaşmışıq. Bundan başqa adi suyun qablaşdırılaraq mineral su adı ilə satılması, məhsulun etiketində su mənbəyinin düzgün göstərilməməsi, habelə istehsal olunan məhslun labarator müayinən keçmədən satışa buraxılması da aparılan monitorinqlər zamanı müşahidə edilib". Samir Vəliyev digər nöqsanlar haqda məlumat verərkən məhsulların tərkibində nəzərədə tutulmayan maddələrdən istifadə edildiyini də qeyd edib: "Labarator müayinələr nəticəsində müəsssələrdə istehsal edilən sərinləşdirici içkilərin etiketində məhsulun istehsalında şəkər tozundan istifadə edildiyi göstərildiyi halda faktiki olaraq istehsalda şəkər əvəzləyicisindən istifadə edildiyi, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (kloiformlar), mezofil aerob və fakultativ anaerob mikroorqanizmlərin normadan çox olduğu, sərinləşdirici içkilərin resepturalarında istehsalda konservant kimi benzoy turşusundan istifadə edilməsi nəzərdə tutulmadığı halda məhsulun tərkibində həmin maddənin olduğu, həmçinin quru maddənin kütlə payının normadan az olduğu aşkarlanıb". S.Vəliyev aşkarlanan nöqsanlarla bağlı müvafiq işlər gördüklərini də vurğulayıb: "Aşkar olunan qanun pozuntuları ilə əlaqədar müəyyən işlər görülmüş, 33.9 ton sərinləşidirici içki dövriyyədən çıxarılaraq məhv edilib".