Kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi kitabsevərlər üçün də sevindirici oldu

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair Fərmanı və bu fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi barədə Nazirlər Kabinetinə verilən tapşırıqların icrası istiqamətində mühüm addımlar atılır.  Məlumat üçün qeyd edək ki, sözügedən fərman əsasında dövlət başçısı Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu. Ötən gün baş nazir Əli Əsədovun imzaladığı qərar əsasında Əlavə Dəyər Vergisindən azad edilən malların bir qrupunun siyahısı açıqlanıb. Baş nazirin qərarına əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən  (ƏDV) azad edilib.

Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi İctimai Birliyininn sədri Ruhiyyə Mehdiyeva "OLAYLAR"-a deyib ki, sözügedən qərar ölkədə kitab, jurnal oxumağa olan həvəsi artırmış olacaq. İctimai Birlik sədrinin sözlərinə görə, indiyə qədər həm kağızın ölkəyə gətirilməsinin baha başa gəlməsi, həm də nəşriyyatların kitabları nisbətən baha qiymətə çap etməsi kitabsevərlər üçün ciddi problemlər yaradırdı: "Yazıçılar, ədiblər bu səbəbdən kitab yazmağa, onu oxucularına təqdim etməyə çətinlik çəkirdilər. Nəşr olunan kitabların satışda baha qiymətə satılması isə oxucuların onları almasına əngəl olurdu. İndi həm kitab nəşri ucuzlaşacaq, həm də satışda olan kitabların qiyməti oxucu üçün münasib olacaq ki, bu da nəticə etibarilə ölkədə oxucu kütləsinin artmasına gətirib çıxaracaq". Ruhiyyə Mehdiyeva hesab edir ki, baş nazirin müvafiq qərarı kitabsevərlər üçün sevindirici oldu.Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi İctimai Birliyininn sədri onu da qeyd edib ki, sözügedən qərar dərslik çapı, onların satış qiymətlərinə də müsbət təsir göstərəcək: "Bildiyimiz kimi həmin qərar ilə dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən  (ƏDV) azad edilib. Bu da onu deməyə əsas verir ki, bundan sonra satışda olan dərslik komponentlərinin qiymətində də ucuzlaşma müşahidə ediləcək. Etiraf edək ki, valideynlərin bir qayda olaraq narazılıq etdiyi məsələlərdən biri dərslik komponentlərinin qiymətlərinin baha olması ilə bağlı idi. Bir ailədən 2 və ya 3 uşağın məktəbə getməsi məktəb kitablarından əlavə digər dərslik komponentlərinin alınması zamanı həmin ailə üçün ciddi maddi sıxıntı yaradırdı. Hesab edirəm ki, artıq bu sıxıntılar da qismən aradan qalxacaq. Bir sözlə, məlum qərar bir neçə istiqamətlərdə öz müsbət təsirlərini göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31