Çap mediasının inkişafına yönəlik addım
14 May 2022 09:46 İqtisadiyyatAzərbaycanda KİV-in inkişafına yönəlik daha bir məqsədyönlü addım atıldı. Belə ki, ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə dəyər vergisindən (ƏDV) azad edildi.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı qərara əsasən bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Sözügedən qərarın ölkədə xüsusilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına kifayət qədər müsbət təsir göstərəcəyi danılmazdır. Elə "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi açıqlamada İctimai Birlik sədri bildirib ki, bu qərarı ilk növbədə Azərbaycanda medianın inkişafına əsaslı şəkildə təkan verəcək: "Nəzər alsaq ki, sözügedən qərar ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını özündə ehtiva edir, o zaman əminliklə deyə bilərik ki, bu ənənəvi çap mediası üçün də kifayət qədər səmərəli olacaq və çap mediasının inkişafına öz müsbət təsir göstərəcək". Süleyman İsmayılbəyli hesab edir ki. əslində bu qərar həm də dövlətin, şəxsən dövlət başçısının ölkədə çap mediasının inkişafında maraqlı olduğunu bir daha təsdiqləyir: "Çünki Cənab Prezidentin müvafiq Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunmuşdu. Düzdür, qərar çoxşaxəlidir və onların içərisində məhz KİV üçün ölkəyə gətirilən kağızın ƏDV-dən azad edilməsi də var". İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, bu qərar həm də bəzilərinin şap mediasının sıradan çıxmasına olan arzularının üstündən xətt çəkilməsi deməkdir: "Yəni, sözügedən qərar həm də onu təsdiq edir ki, ənənəvi medianın inkişafı, tərəqqisində dövlət birbaşa maraqlıdır".
"Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri onu da qeyd edib ki, , ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla ümumilikdə bu sahədə inkişafa təkan verəcəkdir: "Onu da nəzərə almaq lazımdır ki, bu addım kitab və qəzet nəşri ilə məşğul olan mətbələrin fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. Ümumən götürəndə isə , ölkədə kütləvi informasiya vasitələri məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini media sahəsində aparılan əsaslı islahatların davamı və KİV-in inkişafına yönəlik addım kimi xarakterizə etmək olar".