Rusiya-Ukrayna müharibəsi Azərbaycanda taxıl bazarına necə təsir edəcək?
2 Mart 2022 13:11 İqtisadiyyatRusiyaya sanksiyalar tətbiq olunub, Ukraynada müharibə gedir. Azərbaycan da bu ölkələrdən taxıl idxal edir. Hazırki vəziyyət unun qiymətinin artamasına səbəb ola bilərmi? Bununla bağlı iqtisadçı alim, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov "Olaylar"a bildirib ki, Rusiya-Ukrayna müharibəsi gözlənildiyinin əksinə olaraq qısa müddətə bitməsə və daha uzun bir dövrü əhatə edərsə, bu, dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək. Bu təsirlər bu və ya digər şəkildə Azərbaycanda da hiss olunacaq: "Hər halda həm Rusiya, həm də Ukraynanın ixrac imkanları azalacaq. Ukrayna dağıntılara məruz qaldığından, Rusiya isə sanksiyalarla üzləşdiyindən ərzaq təhlükəsizliklərini təmin etmək üçün daxili bazarda ehtiyatlar yaratmağa üstünlük verəcəklər. Bu da 2022-ci ildə də dünya bazarında taxılın bahalaşmasını stimullaşdıracaq. Bu il dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verəcək. Unutmaq olmaz ki, 2022-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır".
Onun sözlərinə görə, əslində 2021-ci ildə dünya bazarında taxılın qiymətləri rekord həcmdə artıb ki, bu da Azərbaycana təsirsiz ötüşmədi: "Dünya taxıl tədarükçüləri arasında lider olan Rusiyada ixrac rüsumlarının tətbiq olunması ilə bağlı məhdud təklif və yüksək qiymətlər, eləcə də nəqliyyat xərclərinin kəskin artımı qiymətlərin yüksəksəlməsinə təkan verdi. Azərbaycan isə öz yerli istehsalı (ildə 2 milyon tona yaxın) hesabına daxili təlabatını ödəyə bilmir, xaricdən, əsasən də Rusiyadan buğda alır. Nəzərə alsaq ki, Azərbaycan əlavə olaraq ildə 1.4-1.5 milyon ton taxıl idxal edir, bu baxımdan real mənzərə ortalıqdadır. 2020-ci ildə ölkəyə idxal edilən 300 milyon dollarlıq 1,365 milyon ton buğdanın böyük hissəsi - 98,8%-i və ya 1,350 milyon tonu (293,2 milyon dollar) Rusiyadan, 14,9 min tonu (3,368 milyon dollar) Qazaxıstandan, 400 tonu (302,6 min dollar) digər ölkələrdən gətirilib. Göründüyü kimi, buğda idxalında Rusiyadan asılı olmağımız qiymətlərə təsirsiz ötüşməyə bilməzdi və qonşu ölkə sanksiyalarla üzləşdiyi bir vaxtda taxıl ixracını bir qədər də məhdudlaşdıra bilər. Rusiyadan idxal buğdasının qiyməti bir ton üçün 340-350 dollar təşkil edir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 283 dollar olub.Beləliklə, 2019-cu ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında buğdanın orta idxal qiyməti demək olar ki, dəyişməyib, 2021-ci ilin 11 ayında isə 2020-ci ilin 11 ayı ilə müqayisədə 69 dollar və ya 32,2% artıb.
Amma bütün bunlarla yanaşı, Azərbaycanda taxıl və unla bağlı hər hansı qıtlıq gözlənilmir, başqa ölkələrdən, o cümlədən Qazaxıstandan taxıl almaq üçün maliyyə imkanlarımız var. Hökumət digər iqtisadi rıçaqlar vasitəsilə də bu sahədə bazardakı vəziyyətə uyğun olaraq qərarlar qəbul etmək, taxıl və unun qiymətlərini tənzimləmək gücündədir".