“2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir”-Sahil Babayev
9 Fevral 2022 11:16 İqtisadiyyatBirləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf Komissiyasının 60-cı sessiyası çərçivəsində "Dayanıqlı ərzaq sistemlərinin təşviqi yolu ilə qida təhlükəsizliyi probleminin həlli və yoxsulluğun aradan qaldırılması vasitəsilə hamı üçün rifah və ləyaqətin təmin olunmasında çoxtərəfliliyin gücləndirilməsi" mövzusunda Nazirlər Forumu keçirilib. "Olaylar" xəbər verir ki, Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin rifahının ardıcıl olaraq yaxşılaşdırılmasının Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.