ÜDM 3.1 faiz artıb
12 İyun 2013 16:04 İqtisadiyyat2013-cü ilin yanvar-may aylarında ölkədə 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2389,0 manat təşkil edib və 3,1 faiz artıb. ÜDM-in 62,7 faizi istehsal sahələrində, o cümlədən 50,2 faizi sənayedə, 9,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 30,9 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.
Xidmət sektorunda əlavə dəyər istehsalının 24,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,6 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 42,4 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 52,5 faiz təşkil edib. Eyni zamanda neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrindəkindən 1,4 faiz az əlavə dəyər istehsal edilib.