“İran neftinə tətbiq edilən embarqo bazarda qıtlıq yaratmayacaq” - AÇIQLAMA
Əli Məsimli: “Avropa Birliyinin İran neftinin alınmasına qoyduğu embarqo neftin qiymətinə təsir edə bilər”
21 İyun 2012 13:11 İqtisadiyyatİyulun 1-dən Avropa Birliyinin İrandan neft alınmasına qoyduğu embarqo qüvvəyə minir. Bir sıra ekspertlər AB-nin bu addımının bazarda neft qıtlığına gətirib çıxaracağını qeyd edirlər. O, da bildirilir ki, İran neftinin alınmasına qoyulan embarqo "qara qızıl"ın qiymətinə də təsirsiz ötüşməyəcək. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli "OLAYLAR"a açıqlamasında deyib ki, bu embarqo neft bazarında qıtlıq yaratmayacaq. Millət vəkili embarqonun neftin qiymətinə isə təsirsiz ötüşməyəcəyini bildirib: "Avropa Birliyinin İran neftinə qoyduğu embarqonun psixoloji təsirinin nəticələri son bir ay ərzində ortaya qoyuldu. Bu embarqo dünya neft bazarında qıtlıq yarada bilməz. Ancaq neftin qiymətinə təsir edə bilər. Bunu nəzərə alaraq OPEK və digər neft hasilatçıları neft hasilatını artırırlar ki, qiymətlərdə nəzərə çarpan dəyişiklik olmasın. Çünki neftin qiymətinin qısa zaman ərzində kəskin artıb-azalması dünya iqtisadiyyatına sarsıdıcı zərbə vurur". Əli Məsimli AB-nın tətbiq etdiyi embarqo nəticəsində İrandan neft alan ölkələrin taleyinə də aydınlıq gətirib: "Avropa Birliyinin İran neftinə embarqosunun hüquqi qüvvəsi həmin quruma aid ölkələr çərçivəsindədir. Digər ölkələr yalnız könüllülük əsasında Avropa birliyi ilə həmrəylik nümayiş etdirirlər. Qalan ölkələr bu cür dəyişikliyə hazır olmadığından, neftə tələbatını ödəməkdən ötrü alternativ tapmadığından, AB-nə münasibətdən və s. amillərdən çıxış edərlər".