Şəhid ailələri və qazilər üçün hansı vergi güzəştləri tətbiq olunacaq?

Milli Məclis tərəfindən Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər ciddi müzakirə predmetinə çevrilib. Qanunvericilikdə edilən yeniliyin vətəndaşların həyatına necə təsir edəcəyi gündəmin trendi olub. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində baş verən dəyişiklik heç şübhəsiz ki, insanların yaşam tərzinə təsir edən amil hesab olunur. Parlamentdə yeni qanunların qəbulunun planlaşdırıldığını nəzərə alsaq, yeniliyin nədən ibarət olmasının anlamı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ali qnunverici orqanda "İşsizlikdən sığorta haqqında" və "Məşğulluq haqqında" qanunda dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir. Bəs, bu qanunlardakı dəyişikliklər vətəndaşlara hansı təsirini göstərəcək? Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımdan vacib hesab oluna bilər.  Belə ki, dəyişikliklərdə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub: "Dəyişikliklər həmçinin müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasını özündə ehtiva edir. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi. "Məşğulluq haqqında" qanuna təklif edilən dəyişikliklər mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. Hesab edirəm ki, işsizlikdən sığorta üzrə ödənişlərinin artırılması üçün mövcud mexanizminin genişləndirilməsi, ştaj ilə bağlı tələbin 24 aya endirilməsini, pay torpağı olanların öz torpaqlarını satdıqdan sonra bu sığortadan istifadə hüququnun əldə edilməsi məqsədəuyğundur".

Vergi Məcəlləsinə edilən dəyişikliklərə toxunan millət vəkili qeyd edib ki,  şəhid ailələri üzvləri və qazilərimiz üçün də yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Belə ki, Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur:  "Qeyd edim ki, Milli Məclisdə aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alındı. Bu da əslində, Milli Məclis ilə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir. Milli Məclisdə təsdiq olunan digər güzəşt vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır. Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklər ilə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq. Vergi Məcəlləsində nəzərdə tutulan hər iki güzəşt şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacib hesab olunur. Belə ki, bu belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək". "ƏDV-ni geri al kampaniyası" çərçivəsində gələn aydan tətbiq ediləcək dəyişikliklərlə bağlı dəyişikliyə münasibət bildirrən millət vəkili qeyd edib ki,  "Vergi Məcəlləs"inin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər Milli Məclis tərəfindən təsdiq olunub: "Belə ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Qeyd edək ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu. Bununla yanaşı, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişkiliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Bu dəyişikliklər  Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31