“İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib

Şamaxıda İqtisadiyyat Nazirliyinin, ADA Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları" mövzusunda elmi-praktik konfrans keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə görülən bərpa-quruculuq işlərinə elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması ilə bağlı müzakirələrin aparılması idi. Konfransda İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), AMEA, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və digər qurumların nümayəndələri iştirak ediblər. Bir sıra qurumların təmsilçiləri isə tədbirə onlayn qoşulublar. Tədbirdə ADA Universiteti və AMEA-nın nümayəndələri işğaldan azad edilmiş ərazilərimizin bərpasının maliyyələşdirilmə mexanizmləri və sosial bzinesin idarə edilməsi mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31