Şəhid ailələri və qazilərə vergi güzəştləri təsdiqləndi
3 Dekabr 2021 12:00 İqtisadiyyatMilli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Olaylar xəbər verir ki, məcəlləyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.
Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.