Adil Əliyev: “Prezident İlham Əliyevin çıxışı Azərbaycanı İƏT Sammitində diqqət mərkəzinə çevirdi”
2 Dekabr 2021 12:09 İqtisadiyyatAzərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) fəal iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq platformalarının və xarici siyasət tərəfdaşlıqlarının şaxələndirilməsinə xidmət edir. Belə platforma və tərəfdaşlıqların şaxələndirilməsi ölkəni gələcəkdə beynəlxalq arenada yarana biləcək mümkün risklərdən qorumaq üçün önəmlidir. Millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-in 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş 15-ci zirvə toplantısında iştirakı və çıxışı beynəlxalq əməkdaşlıq platformalarımızın və xarici siyasət tərəfdaşlıqlarımızın şaxələndirilməsinin əhəmiyyətini göstərir. Prezident zirvə toplantısında çıxışında qeyd etdi ki, Azərbaycan İƏT-in fəal üzvü kimi təşkilatın digər üzv dövlətləri ilə müxtəlif beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Eyni zamanda, Türk Şurası kimi tanınan Türk Dövlətləri Təşkilatının beş üzvünün hamısı, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə, habelə təşkilatda müşahidəçi statusu ilə iştirak edən Türkmənistan İƏT-in üzvləridir: "Dövlət başçısı İlham Əliyev İƏT-in zirvə toplantısında çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafını göstərən rəqəmləri, Vətən müharibəsindəki Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, habelə erməni vandalizmi barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Prezident Azərbaycanın İƏT-in ölkəmizdə yerləşəcək Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini bəyan edib. Mərkəzin Azərbaycanda yerləşməsi ölkəmizə göstərilən etimadı və dövlətimizin nüfuzunu göstərir. Azərbaycana göstərilən beynəlxalq etimadın bir əsas səbəbi odur ki, Prezident İlham Əliyevin dediyi kimi, sözümüzlə əməlimiz üst-üstə düşür. Yeri gəlmişkən, İƏT-in əvvəlki sammitində Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılacağını bildirmişdi. Artıq həmin sammitdən ötən bir neçə ay ərzində bu istiqamətdə irəliləyiş olub. Belə ki, noyabrın 26-da Rusiya və Ermənistan rəhbərləri ilə Soçidə keçirilən görüşdə və onun nəticələrini əks etdirən bəyannamədə avtomobil və dəmir yollarından ibarət nəqliyyat dəhlizlərinin açılması üçün konkret layihələrin həyata keçirilməsi zərurəti vurğulanıb ki, bu da Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət addımdır. Prezident əminliyini ifadə edib ki, İƏT-ə üzv ölkələr də Zəngəzur dəhlizinin imkanlarından faydalanacaqlar. Zəngəzur dəhlizi ifadəsinin beynəlxalq toplantılarda işlədilməsi və bu mövzunun gündəmə gətirilməsi Zəngəzur dəhlizinin artıq beynəlxalq leksikonda özünə yer tapması deməkdir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin önəmli hissəsinə çevrilərək həmin nəqliyyat dəhlizlərinə əlavə dəyər qatacaq".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti həmçinin zirvə toplantısının iştirakçılarının diqqətini ölkəmizin pandemiya ilə mübarizə sahəsində səylərinə də cəlb edib: "Pandemiya dövrünün səbəb olduğu sıxıntılara və Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa layihələrinin böyük vəsaitlər tələb etməsinə baxmayaraq, Azərbaycan pandemiya ilə mübarizə işinə beynəlxalq səviyyədə töhfə verməkdə davam edir. Bir tərəfdən Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən bərabər və ədalətli istifadə imkanlarının təmin edilməsilə bağlı qətnamələr qəbul edilib. Digər tərəfdən isə, Azərbaycan dövləti pandemiya ilə mübarizə məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yardımlar göstərib".
Alim