Büdcə layihəsində gəlir və xərclər artırılıb - Komitə sədri
23 Noyabr 2021 12:30 İqtisadiyyat"2022-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı həm biz, həm də hörmətli hökumət üzvləri tərəfindən layihə haqqında ətraflı məlumat verildiyindən mən bütün rəqəmləri bir də təkrarlamaq istəməzdim. Amma ümumi olaraq qeyd etmək istərdim ki, 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2022-ci il üçün dövlət büdcəsi layihəsində büdcə gəlirləri 1 milyard 389 milyon manat artırılaraq 26 milyard 816 milyon manata, xərcləri isə 1 milyard 336 milyon manat artırılaraq 29 milyard 879 milyon manata çatdırılıb". Olaylar xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Deputat qeyd edib ki, Dövlət büdcəsi kəsirinin 3 milyard 063 milyon manat, 2022-ci ildə inflyasiyanın orta illik göstəricisinin 4 faiz, ümumi daxili məhsulun real artım tempinin 3,9 faiz, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı proqnozlaşdırılıb:
"Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirləri 1 milyard 930 milyon manat artırılıb. Büdcə layihəsində sosial yönümlü xərclər ümumilikdə 1 milyard 649 milyon manat artılaraq 13 milyard 850 milyon manata və ya dövlət büdcə xərclərinin 46.4%-nə çatdırılıb. Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün bu məqsədlə ayrılan xərclər 173 milyon manat, təhsil xərcləri 606 milyon manat, səhiyyə xərcləri 118 milyon manat artırılıb. Ölkədə sosial ödənişlərin artırılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamın icrası üçün layihədə 1 milyard 441 milyon manat vəsait nəzərdə tutulub.