Bakıda Həştərxan Biznes Mərkəzi açılacaq
11 Noyabr 2021 12:36 İqtisadiyyatNoyabrın 10-da Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinə işgüzar səfər edib.
Səfər zamanı A.Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Vilayət qubernatoru ilə görüşdə Həştərxan vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Danışıqlar zamanı tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Bunlardan biri də Həştərxan şəhərindəki Azərbaycan Biznes Mərkəzinin işidir. Qubernator bildirib ki, prezident İlham Əliyevin dəstəyi və A. Fərzəliyevin səyləri ilə mərkəz səmərəli işləyir:
"Bunu Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsinin göstəricisi sübut edir. Xarici ticarət dövriyyəsi cari ilin 8 ayında ötən ilin eyni dövründən 8,5 milyon dollar çox olub".
Bu yaxınlarda Bakıda Həştərxan Biznes Mərkəzinin də açılışı olacaq. İ.Babuşkin əmindir ki, Bakıdakı Həştərxan Biznes Mərkəzi Həştərxan vilayəti ilə Azərbaycan arasında möhkəm əlaqələrin genişləndirilməsi üçün səmərəli platformaya çevriləcək. O vurğulayıb ki, Həştərxan Biznes Mərkəzinin açılışı Azərbaycan prezidentinin dəstəyi və onun nümayəndəsi - Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının gördüyü işlər sayəsində baş tutacaq.
Öz növbəsində A.Fərzəliyev Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu və iqtisadi əlaqələrin genişləndiyini qeyd edib:
"Azərbaycan Prezidenti Həştərxan vilayəti ilə birgə layihələrin həyata keçirilməsinə böyük diqqət yetirir. Bakının mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektdə inşa edilən Həştərxan Biznes Mərkəzi paytaxtımızın ən gözəl binalarından biridir. Əminəm ki, o, bizim uzunmüddətli dostluğumuzun simvoluna çevriləcək".
İşgüzar səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli tam orta məktəbdə olub. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkdakı abidəsi önünə də gül dəstəsi qoyulub.