Azərbaycan Dövlət Neft Şirkəti 2025-ci ilədək Xəzərdəki yeni neft-qaz yataqlarında hasilata başlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2025-ci ilədək Xəzərin milli sektorunda yerləşən yeni yataqlarda neft-qaz hasilatına başlamaq fikrindədir. "APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən beynəlxalq neft-qaz konfransındakı çıxışı zamanı ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, kompleks tədbirlər planına əsasən, "Ümid", "Qarabağ", "Əşrəfi" yataqlarının, "Babək", "Abşeron", "Naxçıvan", "Şəfəq-Asiman", "D-30" perspektiv strukturların və "Azəri-Çıraq-Günəşli" yataqlarının sərbəst qaz obyektlərinin tədricən abadlaşdırılması və istismara daxil edilməsi nəzərdə tutulur. Qeyd olunan yataqlardan "Ümid", "D-30", "Qarabağ", "Babək", "Əşrəfi"nin ARDNŞ tərəfindən, digər yataqların isə xarici tərəfdaşlarla birgə işlənməsi nəzərdə tutulub. S.Qasımov bildirib ki, hasilata 2019-cu ildə başlanması nəzərdə tutulan "Babək" perspektiv strukturunun qaz ehtiyatı 400 mlrd. kubmetr, kondensat ehtiyatı isə 80 mln. ton, hasilata 2021-ci ildə başlanması nəzərdə tutulan "Qarabağ" yatağının qaz ehtiyatı 20 mlrd. kubmetr, neft və kondensat ehtiyatı 20 mln. ton, hasilata 2023-cü ildə başlanması nəzərdə tutulan "Əşrəfi" yatağının qaz ehtiyatı isə 13 mlrd. kubmetr, neft və kondensat ehtiyatı isə 17 mln. ton həcmində qiymətləndirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31