Qızılın da qiymətinin artacağı gözlənilir

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri dəyişir."Olaylar" ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə, dövlət rüsumu qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına görə 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizasına görə 1 ədəd üçün 2 manatdan 3 manata, qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsinə görə hər bir daş üçün 20 qəpikdən 0,5 manata, qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsinə görə 1 ədəd üçün 6 manatdan 10 manata qaldırılır.

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatına gəlincə, dövlət rüsumu ad damğasının ilk dəfə qeydiyyata alınması üçün 4 manatdan 10 manata, hər il yenidən qeydiyyata alınması üçün 2 manatdan 5 manata qaldırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31