İstehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır
23 Sentyabr 2021 13:29 İqtisadiyyatVüqar Bayramov: "Bu bank sektorun dayanıqlığı baxımdan arzuolunan deyil"
Prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" və "Azər-Türk Bank"ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Sənədlə hazırda bank sektorunda fəaliyyət göstərən 30 bankdan yeganə dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib. Maraqlıdır, sözügedən yenilik bank sektorunun unkişafına hansı töhvəsini verəcək? Millət vəkili Vüqar Bayramov bildirib ki, Holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapital isə 1 milyard 479 milyon manat olub. Qeyd edək ki, 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekunlarında isə Beynəlxalq Bankın aktivləri əvvəlki ilə müqayisədə 2,8% azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 % azalma qeydə alınıb: "Bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı "Bank İcmalına" əsasən bu ilin birinci yarısında bankların ümumi kaktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb. "Azər-Türk Bank"ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub. Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri göstərir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Azər-Türk Bank" hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, "Azər-Türk Bank"ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur".
Millət vəkili həmçinin bildirib ki, 2021-ci ilin ilk 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin ilk 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər. Bu isə o deməkdir ki, yalnız 8 ay ərzində istehlak kreditlərinin həcmi 471 milyon manat artıb. Doğrudur, təhlil olunan dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımlar qeydə alınıb. Bununla belə, ötən ilin sonu ilə müqayisədə bu ilin 8 ayı ərzində ümumi kredit portfeli 6.9 faiz, biznes kreditlərinin həcmi 3.8 faiz artasa da istehlak kreditlərinin həcmi 12.0 faiz artıb. Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur və iki rəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur: "Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin artması və həm də real sektorunun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artılrlmasına ehtiyac var".
Alim
Olaylar.az