Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri

Bütün sahələrdə müasirləşən, dinamizmlə inkişaf edən Azərbaycan hazırkı mərhələdə iqtisadi həyatın bütün sahələrində şəffaflığı və hesabatlılığı təmin etməyə, müasir dünyanın bu sahədə tətbiq etdiyi yeniliklərdən səmərəli şəkildə bəhrələnməyə çalışır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirməyə çalışır. Nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi belə hallara qarşı mübarizədə mühüm vasitələrdən biri hesab olunur. Ölkə başçısının 2009-cu il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da nağdsız ödəniş vasitələrinin - POS-terminalların, bankomatların, info-köşklərin quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi nəzərdə tutulmuşdu. Ötən illərdə Azərbaycanda nağdsız ödənişlərin həcminin əhəmiyyətli dərəcədə artması aidiyyəti dövlət strukturlarının, ilk növbədə Vergilər Nazirliyinin, Mərkəzi Bankın və İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdikləri ardıcıl tədbirlərin, maarifləndirmə işinin nəticəsidir. Nazirlər Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiqlədiyi "Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"na əsasən, ölkədə POS-terminalların quraşdırılması prosesinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Ekspertlərin fikrincə, hökumət səviyyəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər yaxın illərdə bu sahədə əhəmiyyətli dönüşün baş verəcəyini əminliklə söyləməyə ciddi əsaslar yaradır.

Başqa bir məqam nağdsız ödənişlərin inkişafı məsələsinin təkcə dövlət strukturlarının işi kimi məhdudlaşdırmağın düzgün olmamasıdır. Xüsusən də mətbuat və vətəndaş cəmiyyəti institutları bu sahədə fəallıq nümayiş etdirməli, nağdsız ödənişlərin üstünlüklərini, əhəmiyyətini insanlara geniş izah etməlidir. Nağdsız ödənişlərə marağı yüksəltmək üçün həyata keçirilən maarifləndirmə tədbirlərində mətbuat orqanlarının, televiziya və radioların da yaxından iştirakı vacibdir. Ekspertlər hesab edir ki, vətəndaşlar lazımi səviyyədə maarifləndirilməsə, nağdsız ödəniş vasitələrinin inkişafı istiqamətində atılan addımlar arzu edilən səmərəni verməyəcək.

Müşahidələr göstərir ki, görülən tədbirlərə baxmayaraq, bu gün ölkədəki ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminallardan istifadə sahəsində vətəndaş fəallığı da arzuolunan səviyyədə deyil. Bəzi hallarda isə ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminallardan istifadəyə süni əngəllər yaradılır.

Ödəniş bazarının inkişafı ilə bağlı qanunvericilik

Azərbaycanda ödəniş bazarının inkişafı ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, yeni qanunlar, dövlət proqramları qəbul olunur. Ötən illər ərzində nağdsız hesablaşma sistemlərinin inkişaf etdirilməsini nəzərdə tutan bir sıra sənədlər qəbul olunub, nağdsız elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi sahəsində müəyyən nailiyyətlər əldə edilib. Həyata keçirilən tədbirlər sayəsində bir sıra ödənişlərin plastik kartlarla həyata keçirilməsinə geniş imkanlar yaranıb. Araşdırmalar göstərir ki, son illər ölkəmizin iqtisadiyyatı xeyli inkişaf edib, yeni tələblər meydana çıxıb, ona görə də nağdsız ödənişlərin daha da genişləndirilməsi üçün qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məsələn, ötən ilin sonlarında ölkə ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarı qüvvəyə mindi. Yəni hökumət nağdsız ödənişlərin həcminin daha da artırılması üçün, ilk növbədə, ticarət və xidmət fəaliyyəti göstərən hər bir təsərrüfat subyektində POS-terminalların quraşdırılmasının təmin olunmasını vacib hesab edir və bu istiqamətdə daha çox işlər görülməlidir. Hazırda bu sahələri kompleks şəkildə əhatə edən yeni konsepsiya bir neçə əsas istiqamət üzərində qurulub. Bunlar elektron ödəniş sistemlərinin infrastruktur imkanlarının genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, ödəniş xidmətlərindən istifadə effektivliyinin artırılması, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb olunması və bu xidmətlərdən istifadə üzrə maarifləndirmə kimi istiqamətləri əhatə edir. Nağdsız hesablaşmaların stimullaşdırılması üçün qanunvericilikdə bir sıra əlavələrin edilməsini zəruri hesab edənlə də var. Əhalinin geniş kütlələrinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallardan istifadəyə cəlb olunması üçün digər inzibati tədbirlərlə yanaşı, onlar arasında maarifləndirmə, məlumatlandırma işləri və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün ayrıca bir qanun layihəsinin hazırlanmasına ehtiyac duyan ekspertlər də  var. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, nağdsız ödənişlərin genişləndirilməsi, nağdsız dövriyyənin həcminin artırılması üçün biz, ilk növbədə, cəmiyyətin dəstəyini qazanmağa, insanlarda bu prosesə maraq oyatmağa çalışmalıyıq. Əlbəttə, bunun üçün müəyyən zaman da keçməlidir: "Yəni istənilən yeniliyin insanlar tərəfindən dərhal qəbul olunması, tətbiqi müəyyən qədər vaxt tələb edir. Azərbaycanda bu cür mütərəqqi yeniliklərə mühafizəkar yanaşan insanların sayının az olmadığını da unutmamalıyıq. Lakin müqayisə üçün onu da bildirim ki, cəmi bir neçə il əvvəl bankomatlardan istifadə də insanlarımız üçün çətin və az qala əlçatmaz kimi görünürdü. Hazırda hətta ahıl insanların da əksəriyyəti öz təqaüdlərini plastik kartlarla nağdlaşdıra bilirlər". 

Vətəndaşların qarşılaşdıqları problemlər

Aparılan  müşahidələr göstərir ki, bəzən "smart" tipli qaz sayğacları üçün nağdsız qaydada ödəniş edən vətəndaşlar ciddi problemlərlə qarşılaşırlar. Yəni vətəndaş ödəniş etdiyi halda, bu barədə informasiya hansısa texniki səbəblərdən kartın yaddaşına yazılmır. Bu və digər hallar isə vətəndaşları nağdsız ödənişlərdən çəkindirir. Bundan başqa, bankların plastik kartları pulla satması müəyyən insanlarda narazılıq doğurur. Lakin  plastik kartları vətəndaşlara təmənnasız verən banklar da az deyil. Ekspertlər bu sahədə də vahid normaların müəyyən olunmasını vacib hesab edir. Bu sahədə problemlərdən biri də  POS-terminalla alış-veriş edən vətəndaşın balansında qalan məbləği öyrənə bilməməsidir. Hətta pulun kartdan müəmmalı şəkildə yoxa çıxması hallarına da rast gəlinir. Əsasən texniki səbəblərlə bağlı belə problemlər nağdsız ödənişlərin təhlükəsizliyinə müəyyən şübhələr yaratdığından təbliğat işlərinə geniş yer verməklə yanaşı, bu cür texniki problemləri aradan qaldırmalı, vətəndaşları nağdsız ödənişlərin təhlükəsizliyinə inandırılmalıdır.

Ekspertlərin fikrincə, ödəniş kartları ilə fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə mövcud infrastruktur imkanlarının artırılması, banklar ilə hüquq-mühafizə orqanları arasında əlaqəli fəaliyyətin təşkil olunması, elektron bankçılıq sahəsində beynəlxalq standartların tətbiqinin sürətləndirilməsi ilə bağlı tədbirlər gücləndirilməlidir. Qeyd edək ki, bu məqsədlə RİTN-in tərkibində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Qurum informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, elektron sənəd dövriyyəsinin, internet-informasiya resurslarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirəcək. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması istiqamətində qabaqlayıcı tədbirlər görüləcək. Yaxın vaxtlarda nağdsiz ödənişlərin inkişaf etdirilməsi məqsədilə Məlumat Hesablama Mərkəzi tərəfindən e-imza sertifikatları internet vasitəsilə əldə edilən və internet vasitəsilə aparılan ödənişlərə 5% güzəşt tətbiq edilməsi planlaşdırılır.

Bankların prosesdə iştirakı

Hazırda Azərbaycanda nağdsız ödənişlərin infrastruktur imkanlarının genişləndirilməsi üçün hökumət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilir ki, bu da bankların həmin prosesdə iştirakına geniş imkanlar yaradır. Banklarla aparılan sorğuların nəticələri göstərir ki, vergi, rüsum və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin infrastrukturu vasitəsilə qəbul edilməsinin təmin olunması, "Elektron hökumət" layihəsi çərçivəsində dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərə ödənişlərin nağdsız ödəniş alətləri vasitəsilə toplanması imkanının yaradılması bankların nağdsız bazarda aktiv iştirakına stimul verir.

POS-terminallar məcburidir

Ekspertlər hesab edir ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, bütün əlavə dəyər vergisi ödəyicilərində POS-terminalların quraşdırılması vacibdir. Eləcə də dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil, mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman-sağlamlıq kompleksləri, səhiyyə, istirahət, turizm və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələrində POS-terminalların quraşdırılması məcburidir. Eyni zamanda, rüb üzrə orta aylıq dövriyyəsi 2 min manatdan çox olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektlərində POS-terminallar quraşdırılmalıdır. Sonda onu da qeyd edək ki, 2011-ci ildə ölkə üzrə 1 milyon 607 min 713 sayda nağdsız əməliyyat aparılmışdır. Həmin əməliyyatların məbləği 130 milyon 153 min 407 manat təşkil etmişdir. 2012-ci ildə isə 4 milyon 605 min 524 ədəd sayda nağdsız əməliyyat aparılmış, ümumi əməliyyat məbləği 216 milyon 291 min 236 manat olub.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31