Vergilər Nazirliyi məktəblilər arasında online ümumrespublika bilik yarışması keçirib

Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə  məktəblilər arasında "on-line" qaydada vergilərlə bağlı ümumrespublika bilik yarışması keçirilib.  Cari ilin may ayının 15-dək Bakı şəhəri Vergilər Departamentinin və ərazi vergilər idarələrinin əhatə etdiyi şəhər və rayonların orta məktəb şagirdləri arasında ilkin yarışma və müsabiqələr aparılıb, hər yaş qrupu üzrə bir şagird olmaqla ümumrespublika bilik yarışmasında iştirak etməli olan 39 nəfər namizəd müəyyən edilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, yarışma 3 yaş qrupu üzrə - III-V, VI-VIII və IX-XI sinif şagirdlərini əhatə etməklə test üsulu ilə, hər qrupa görə ayrıca sual bazası əsasında aparılıb. "On line" müsabiqə saat 11.00-da  iştirakçının yaşadığı yerə yaxın vergi ödəyicilərinə xidmət mərkəzində və ya vergi orqanında video-müşahidə imkanı yaradılmaqla şəffaf şəraitdə keçirilib. İştirakçılar  90 dəqiqə ərzində müvafiq vergi dərsliklərinə uyğun olaraq sualları cavablandırıblar. III-V sinif şagirdləri 25 suala, VI-VIII sinif şagirdləri 30 suala, IX-XI sinif şagirdləri isə 35 suala cavab veriblər. Suallara daha çox düzgün və tez cavab verən şagirdlər nəticələrə uyğun olaraq hər yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüş, diplomlarla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31