Bank faizlərinin aşağı salınması mümkün olacaqmı?

Elman Rüstəmov: “Bunun başlıca səbəbləri bizə aydındır”

Azərbaycan banklarında kredit faizlərinin kifayət qədər yüksək olması bir sıra problemlərin ortaya çıxması ilə müşayiət olunur. Bankların maliyyə mənbələrinin aşağı olması, bank resurslarının əsasən əhalinin depozitləri hesabına formalaşması nəticə etibarilə faiz dərəcələrinə təsirsiz ötüşməyib. Məhz bu səbəbdən Mərkəzi Bankın uçot dərəcələrini aşağı salması faiz dərəcələrinə təsir edə bilməyib. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, hazırda bank təşkilatlarından transformasiya məsələsi əsas ideyalardan biridir. Lakin hələlik bu transformasiyanın qanunvericilik bazası yoxdur: "Biz artıq bu sahədə qanunvericilik bazasının yaradılması istiqamətində işlərimizi davam etdirəcəyik və müvafiq qaydada onu lazımi orqana təqdim edəcəyik. Hələlik sadəcə qanunvericilik əsasları yaradılıb ki, bankların aktivləri, əmanətçilərin hüquqları kimi məsələlər bank təşkilatından qeyri-bank təşkilatına transformasiya olunsun . Onun hüquqi əsasları lazımdır və beynəlxalq praktikaya uyğun olaraq biz bu əsaslar üzərində çalışmışıq, artıq bu mərhələ başa çatıb". Mərkəzi Bankın maliyyə ehtiyatlarının artırılması məsələsinə gəldikdə E.Rüstəmov bildirib ki, bu proses daim baş verir: "Dünya iqtisadiyyatında maliyyə böhranı başlanan zamandan həm biz, həm də Heft Fondu öz maliyyə ehtiyatlarımızı kifayət qədər devitikasiya etmişik. Bu bazar konyukturasıdır, mütləq mənada heç bir təsiri yoxdur, heç bir itki baş verməyib. Ancaq mühasibat problemi var, bu problem valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsində təzahür edir. Bu mənada böhran həm mənfi, həm də müsbət istiqamətdə təsir edir. Lakin biz bunu nəzərə almırıq, sadəcə valyuta ehtiyatlarının idarə olunmasında dövlətin strateji valyuta ehtiyatlarında onların qorunub saxlanmasıdır ki, bu da optimal şəkildə onun divertikasiyasını tələb edir. Biz artıq bunu etmişik, ona görə də heç bir narahatçılıq yoxdur".

***

Azərbaycanda bank faizlərinin aşağı salınması istiqamətində görülən tədbirlərə toxunan baş bankir qeyd edib ki, hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə ciddi tədqiqat aparılır. Bu tədqiqat işi bitdikdən sonra nəticələri barədə ictimiyyətə və mediyaya açıqlama veriləcək: "Bunun başlıca səbəbləri bizə aydındır. Lakin bir daha lazım bildik ki, bizim tədqiqat qrupumuz geniş bir proqramla bank ictimaiyyəti ilə birlikdə dərin bir tədqiqat aparsın. Demək olar ki, bu tədqiqat işləri yaxın vaxtlarda yekunlaşacaq. Mən tədqiqat işlərinin nəticələrini qabaqlamaq istəməzdim. Əslində bu tədqiqatda bizim gözləmədiyimiz bir şey yoxdur. Amma daha sistemli, daha ədalətli, daha əhatəli bir tədqiqat işinə ehtiyac var". Onun bildirdiyinə görə, faiz dərəcələrinin aşağı salınması dövlətin işi deyil: "Əgər faizdən danışırıqsa, iyirmi il bazar iqtisadiyyatı şəraitinə nəzər yetirməliyik. Məlum olduğu kimi faiz dərəcələri bazar faiz dərəcəsidir. Hökumətin müəyyən etdiyi faiz dərəcəsi kifayət qədər aşağıdır. Lakin nəyə görə, dövlətin qoyduğu, Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsinə baxmayaraq reallıqda faiz dərəcələri bu qədər yüksəkdir? Təbii ki, onun obyektiv və bazar səbəbləri var. Söhbət administrativ aşağısalınmadan yox, o amilləri bilərəkdən ki, bu yüksək faiz dərəcələrini hansı iqtisadi faktorlar formalaşdırır, həmin iqtisadi faktorların idarə olunmasından gedir. Aydındır ki, ən mühüm faktorlardan biri müəyyən dövrlərdə birrəqəmli olsa da infilyasiyanın yuxarı həddidir. Təkcə keçən il, cari il yox, ümumilikdə nəzər saldıqda görərik ki, 8-9 faizlik infilyasiya var. Yaxud əhalinin əmanətlərinin icra faizlərinin çox yüksək dərəcəsidir ki, bankların əsas resurs mənbələrindən birini əhalinin əmanətləri təşkil edir. Həmçinin bankların riskləri, yüksək xərcləri kimi digər amillərin hamısı tədqiqata cəlb olunub. Tədqiqat başa çatdıqdan sonra əlimizdə tam bir mənzərə olacaq ki, dövlət və Mərkəzi Bank hansı amilləri idarə etməlidir ki, Azərbaycanda aşağı faizli kreditlər olsun. Xüsusən biznes sahəsi üçün". E. Rüstəmov qeyd edib ki, Azərbaycanda nəğdsiz ödəmələrlə bağlı Vergilər Nazirliyi ilə birlikdə paket sənədlər hazırlanıb. Sənəd hökumətə təqdim olunub, artıq məsələ hökumətlə iqtisadi qurumlar arasında aktiv müzakirə olunur. Burada nəğdsiz ödənişləri artırmaq üçün həm stimullaşdırıcı, həm də inzibati tədbirlər nəzərdə tutlub. Digər tərəfdən, nəğdsiz ödəniş infrastrukturanın daha da genişləndirilməsi nəzərdə tutlub: "Hesab edirik ki, kompleks tədbirlərin mərhələlərlə həyata keçirilməsi ona gətirib çıxara bilər ki, respublika iqtisadiyyatında nəğd ödənişləri məhdudlaşdıra bilək".

Ölkədə kənd təsərrüfatinin inkişafı məqsədilə aqrar bankın yaradılması məsələsinə toxunan E.Rüstəmov qeyd edib ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatı sahəsi çox mühüm sahələrdən biridir: "Kənd təsərrüfatı həm də ixrac potensialı olan bir sahədir. Hələ müstəqillikdən əvvəlki dövrdə Azərbaycana yaxın bazarlarda, xüsusən Rusiya bazarlarında əhəmiyyətli dərəcədə kənd təsərrüfatı məhsulları ixrac edirdi. Bu potensialı yaratmaqdan ötrü kənd maliyyələşməsi, fermer maliyyələşməsi sisteminin yaradılmasına böyük ehtiyac var. Lakin bu, xüsusiləşmiş bankmı olacaq, yaxud mövcud bank agentlərindən istifadə etməklə dövlət və bankların iqtisadi münasibətləri əsasında -yəni faiz dərəcələri, risklərin bölüşdürülməsi sistemimi olacaq, bu məsələ hələ açıq qalır. Hazırda bu məsələ üzərində iş gedir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31