219 min borcu olan MMC tenderdə necə qalib ola bilib...
16 İyul 2021 10:51 İqtisadiyyatƏli Əlirzayev: "Qanunvericiliyə görə, vergi borcu olan şirkət tenderlərdə iştirak edə bilməz"
Son aylar dövlət satınalmalarının təkmilləşdirilməsi, yeni qanunun qəbul olunması ətrafında ciddi müzakirələr gedir. Bu sahədə şəffaflığın təmin olunması, sağlam rəqabətin təmin edilməsi qarşıya qoyulan əsas məsələlərdən biridir.
Danılmaz faktdır ki, son zamanlar 5-10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış MMC-lər bir çox tender və kotirovka sorğularının qalibi olur. Təəssüf ki, tenderlərdə qalib olan bu kimi MMC-lər əldə etdikləri gəlirdən nə vergi verir, nə də sosial ödəmə prosesində iştirak edir.
"A4 PLAZA" MMC bu yaxınlarda keçirilən tenderdə qalib olub. Maraqlı məqam ondan ibarətdir ki, adıçəkilən MMC-nin 219 min borcu var. Məlumat üçün bildirək ki, "Azəralüminium" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif növ və miqdarda məişət mallarının satınalınması üzrə keçirilmiş 69 190.83 manat məbləğində satınalma müqaviləsi 12.07.2021-ci il tarixdə "A4 PLAZA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.
Onu da qeyd edək ki, "Azəralüminium" Açıq Səhmdar Cəmiyyəti tərəfindən satınalma müqaviləsi bağlandığı günə "A4 PLAZA" MMC-nin dövlətə olan vergi borcu 219 315.74 manat təşkil edib.
Məlumat üçün bildirək ki, ödənilməmiş vergi öhdəliyi olan podratçı ilə satınalma müqaviləsinin bağlanılması "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Maraqlıdır, vergi borcu olan şirkət tenderlərdə iştiraka necə buraxılır?
- "Tenderlərlə bağlı şəffaflıq artırılmalıdır, eyni zamanda, tender haqqında qanun təkmilləşdirilməlidir"
Iqtisadçı ekspert Əli Əlirzayev bildirdi ki, tenderlərlə bağlı bu kimi neqativ halların qarşısını almaq üçün bir sıra işlər görülməlidir: "Çirkli oyunlar altında keçirilən tenderlərə son qoymağın zamanı gəlib çatıb. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin getdiyi bir dönəmdə bu cür şübhəli tenderlərə yer olmamalıdır. Belə halların qarşısını əsaslı şəkildə almaq lazımdır. Harada formal tender keçirilirsə, deməli, yenə qara əməllər, korrupsiya halları davam edir. Şəxsi maraqlar dövlət maraqlarını üstələyir. Ona görə də ölkədə keçirilən tenderlərdə şəffaflıq artırılmalıdır. Hər kəsin və bütün tərəflərin iştirakı ilə tenderlər keçirilməlidir. Təəssüflər olsun ki, bizdə bu belə deyil. Tenderdə normal oyunçular olandan sonra seçim də çox doğru olacaq. Nəticədə bu kimi neqativ halların baş verməsinə şərait yaranmaz. Yoxsa tender keçirən tərəf özünə yaxın olan tərəfin qalib olmasına şərait yaradacaqsa, bunun heç bir mənası olmayacaq. Ona görə də keçirilən tenderlərlə bağlı şəffaflıq artırılmalıdır. Eyni zamanda, tender haqqında qanun təkmilləşdirilməlidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, satınalmalarla bağlı qanun yenidən işlənilməli və rəqabətli tenderlər həyata keçirilməlidir: "Qanunvericiliyə görə, vergi borcu olan şirkət tenderlərdə iştirak edə bilməz. Ancaq biz bunun əksinin şahidi oluruq". bakı xeber