Beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını müsbət qiymətləndirirlər

Alan Desteks: “Azərbaycan iqtisadi cəhətdən inkişaf edən donor ölkəyə çevrilib”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin 10-cu illik Konfransı Bakıda öz işinə başlayıb. Tədbirdə çıxış edən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsinin prezidenti Alan Desteks bildirib ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən donor ölkəyə çevrilib. Azərbaycanın inkişaf xətti digər ölkələrə nümunədir. Azərbaycan maliyyə resurslarından ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün planlaşdırılmış şəkildə istifadə edir. Onun sözlərinə görə, Azərbaycan həyata keçirdiyi iqtisadi siyasət nəticəsində uğurlu iqtisadi nailiyyətlərə imza atıb. Ölkədə yoxsulluğun səviyyəsi minimuma enib, işsizliyin sayı azalıb. Neft Fonduna nəinki bu gün, həm də gələcək nəsil üçün vəsait toplanıb: "Azərbaycanın iqtisadi uğurları bir çox ölkələr üçün nümunə ola bilər. Çünki artıq Azərbaycan donor alan ölkədən donor verən ölkəyə çevrilib". Konfransın məqsədlərindən danışan A. Decteks bu tədbirin parlamentlərin ölkələrin iqtisadi inkişafında rolunu artırmağa xidmət etdiyini vurğulayıb. Bildirib ki, Parlament şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatı olub dünyanın 140 ölkəsindən olan parlamentarilərə öz ölkələrindəki inkişaf proseslərində şəffaflığın artırılması və hesabatlılıq sahələrinin genişləndirilməsi məqsədi ilə əməkdaşlıq üçün platforma təqdim edir. Təşkilatın hədəflərinə parlamentarilərin vətəndaş cəmiyyətindəki rollarının gücləndirilməsi də daxildir. AVCİYA-nın prezidenti, deputat Elxan Süleymanov çıxışında Azərbaycan barədə məlumat verib, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqları məlumatlandırıb. Xocalıda ermənilərin soyqırımı törətdiklərini deyən E.Süleymanov bu soyqırımın səbəbkarlarından birinin Ermənistanın indiki prezidenti Serj Sərkisyan olduğunu bildirib: "Beynəlxalq qurumlar işğalçı dövlət olan Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoymur. Əksinə, Ermənistanı dəstəkləyir. Heç bir beynəlxalq təşkilat Ermənistana beynəlxalq sanksiyalar tətbiq etmir və bu da Ermənistanın təcavüzü davam etdirməsinə şərait yaradır". Millət vəkili ermənilərin işğal altındakı Dağlıq Qarabağ regionunda yerləşən Sərsəng su anbarının baxımsız qaldığını və onun böyük təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, bu anbarda qəza baş versə, 400 min əhalinin yaşadığı böyük ərazilər su altında qalacaq, 7 Azərbaycan kəndi yerlə-yeksan olacaq, humanitar və ekoloji fəlakət yaranacaq: "Fikrimcə, belə bir hal baş versə, Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatlar bu faciəni Allahın və təbiətin üzərinə atacaqlar". Dünya Bankının xarici məsələlər üzrə vitse-prezidenti Siril Müller isə deyib ki, şəbəkə ilk illərdən etibarən parlamentarilərlə maliyyə qurumları arasında "buzu sındırmağa" nail olub. Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir və böyük potensiala malikdir: "Mən artıq neçə illərdir ki, Bakını tanıyıram. Mən SSRİ-nin süqutundan sonra Dünya Bankının ölkəyə gələn ilk nümayəndələrindən biriyəm. Azərbaycan müstəqilliyin əldə etdiyi vaxtdan inanılmaz inkişaf yolu keçib".

Müllerin sözlərinə görə, bu tədbir bütün dünyanın parlamentarilərinə mövcud problemləri müzakirə etməyə və onların həlli yollarının tapılmasına çalışmaq üçün imkan yaradır. Belə müzakirələr iqtisadi artıma və hərtərəfli inkişafa təkan verir". Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa həmişə önəm verdiyini diqqətə çatdıran Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyib ki, Azərbaycan dünyada neft gəlirlərindən istifadə edən azsaylı ölkələr sırasındadır. Azərbaycanın reytinqləri son qlobal böhran dövründə pisləşməyib, əksinə yaxşılaşıb. Onun bildirdiyinə görə, Azərbaycanda yoxsulluğun səviyyəsi qlobal yoxsulluq səviyyəsindən 4 dəfə aşağıdır. Hazırda ölkədə yoxsulluğun səviyyəsi 6% təşkil edir, halbuki qlobal yoxsulluğun səviyyəsi 21%-dir. Son illər ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, strateji valyuta ehtiyatları ÜDM-in 70%-dən çoxdur. Son illərdə Azərbaycanın beynəlxalq reytinqlərdə vəziyyəti yaxşılaşıb və hazırda Azərbaycan bazar iqtisadiyyatı olan səmərəli ölkələr sırasında yer alır. Onu da qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard Bakıda keçirilən DB və BVF-in Parlament Şəbəkəsinin konfransında iştirak edə bilmədiyi üçün təəssüfünü ifadə edib, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirib. Laqardın videomüraciəti konfrans çərçivəsində nümayiş olunub: "Bizim parlamentarilərlə əməkdaşlığımız daim davam edir. Parlamentarilər xalq tərəfindən seçildiyindən mən onları beynəlxalq əməkdaşlıq üçün çox əhəmiyyətli element hesab edirəm. Onlar heç kəsin başa düşmədiyi kimi yerlərdə insanları maraqlandıran problemləri anlayırlar. Ona görə də biz parlament üzvləri ilə tez-tez görüşməyə, əlaqələr qurmağa və əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Bu qlobal iqtisadi problemlərin həll edilməsində əhəmiyyətli rol oynayır".

Xatırladaq ki, tədbirdə dünyanın 75 ölkəsindən 250-yə yaxın qonaq iştirak edir. Konfrans öz işini mayın 24-də davam etdirəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31