İqtisadi idarəetmənin yeni modeli
9 İyul 2021 14:43 İqtisadiyyat"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı Fərman zamanın çağrışlarına adekvat addımdır. Postmüharibə dövründə iqtisadi proseslərin daha effektli şəkildə tənzimlənməsi ilə bağlı zəruri addımların atılması gözlənilirdi". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, tarixi zəfərimizdən sonra iqtisadi layihələr yalnız regionda əhalinin rifahının yaxşılaşdırılmasına hesablanmayıb. Hazırki məqamda bu, həm regionlararası, həm də dövlətlərarası iqtisadi inteqrasiyanın dərinləşməsini özündə ehtiva edir: "Bu layihələr iqtisadi idarəetmənin yeni modelini gündəmə gətirib. İqtisadi rayonların yeni bölgüsünün müəyyən edilməsi hər bir rayona xüsusi yanaşmanın olduğunu, həmin bölgənin potensialının düzgün dəyərləndirildiyini ortalığa çıxarır. Bütün bu amillər regional iqtisadiyyatın yaranmasına təkan verəcək gücdədir. Heç şübhəsiz ki, vaxtılə bölgələri müxtəlif səbəblərdən tərk edən və yaxud erməni təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan insanların ən böyük arzusudur bu gün öz kəndində, elində iş yerləri olsun. Belə layihələrin səmərəli və şəffaf həyata keçirilməsi bu insanların paytaxta çörək arxasınca, iş üçün gəlmək problemini həll etmiş olacaq. Belə layihələrin effektli nəticələr verməsi üçün məmur fəaliyyətinin şəffaf olması və ictimai nəzarətin gücləndirilməsi son dərəcə zəruridir. Çünki məmur şəffaflığı, dürüstlüyü olmasa, ictimai nəzarət yetərincə təmin edilməsə işin effektli nəticələrindən danışmaq mümkün olmur".