Tarif Şurasının qərarı qiymət artımına səbəb olacaq
Tarif (qiymət) Şurasının təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılması ilə bağlı qərarının ölkədə qiymət artımı ilə müşahidə olunacağı qaçılmazdır.
1 İyul 2021 13:24 İqtisadiyyatTarif (qiymət) Şurasının təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılması ilə bağlı qərarının ölkədə qiymət artımı ilə müşahidə olunacağı qaçılmazdır. "Olaylar" xəbər verir ki, nəzərəçarpacaq dərəcədə qiymət artımı yerli istehsal sahələrində qeydə alınacaq. Qiymət artımı həmçinin xidmət sektorundan da yan keçməyəcək. Məlum olduğu kimi ölkədəki istehsal müəssisələrinin böyük əksəriyyətinin fəaliyyət təbii qazla əlaqəlidir. Başqa sözlə, qida sənayesinin mütləq əksəriyəti təbii qazdan asılıdır. Ərzaq, yeyinti, un və un məmulatları, şirniyyat və hətta sənaye məhsullarının bir çoxunun istehsalında mavi qazın rolu danılmazdır. Belə halda təbii qaz istehsal məhsullarının birbaşa maya dəyərinə daxil olduğundan qiymət artımı qaçılmaz olacaq. Bunun üzərinə sünii qiymət artımı və subyektiv amilləri də əlavə etsək qiymətlərin nəzərəçarpacaq dərəcədə artımı müşahidə olunacaq.
Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib. İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək.