Türkiyə və bölgə üçün əhəmiyyətli olan Kanal İstanbul layihəsi
30 İyun 2021 12:59 İqtisadiyyatQardaş Türkiyənin iqtisadi potensialı və imkanları artdıqca yeni-yeni perspektivli layihələrə imza atır, onları reallaşdırır. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Ankaranın həyata keçirdiyi layihələr də Azərbaycanın reallaşdırdığı layihılər kimi yalınız özü üçün deyil, eyni zamanda bölgə dövlətləri, ümumilikdə regional əməkdaşlıq baxımından faydalıdır. Necə ki, bu günlərdə qardaş ölkənin təməlini qoyduğu Kanal İstanbul layihəsi kimi. Məlumat üçün qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kanal İstanbul Sazlıdere Körpüsünün təməlqoyma mərasimi keçirilib. Türkiyənin gündəminə "Çılğın layihə" kimi daxil olan Kanal İstanbul layihəsinin önəmi yuxarıda da qeyd etdiyimiz kimi təkcə Türkiyə deyil, eyni zamanda İstanbul boğazından istifadə edən bütün ölkələr üçün faydalıdır. Bəs bu fayda nədən ibarətdir?
İlk növbədə onu qeyd etmək lazımdır ki, Kanal İstanbul, Qara dəniz ilə Aralıq dənizi arasındakı alternativ bir keçid olan Boğazdakı gəmi hərəkəti sıxlığını aradan qaldırmış olacaq. Kanal İstanbul həm də Qara dəniz ilə Marmara dənizi arasında süni bir su yolu olma vəzifəsini üzərinə götürəcək. Layihənin icrasına başlanılacağı barədə fikirlər hələ 10 il əvvəl, 2011-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi.
Qeyd edək ki, tarixi Montreo razılaşmasına əsasən hər il İstanbul boğazından orta hesabla 50 min gəmi keçir. Bir neçə il sonra isə illik gəmi hərəkəti sayının 86 minə çatacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Boğaz vasitəsilə hərəkət edən gəmilərdən zaman-zaman zəhərli kimyəvi maddələr, neft, eyni zamanda müəyyən təhlükə maddələr daşınır, o zaman boğazda baş verəcək istənilən bir qəzanın İstanbul üçün təhıükə yaradacağı istisna edilmir.
Kanal İstanbul layihəsinin inşaat mərhələsinin təxminən 5 il, istismar müddətinin isə təxminən 100 il olması planlaşdırılır. 45 kilometr uzunluğundakı layihə çərçivəsində; 7 körpü, biri körpü, digəri yeraltı keçid olmaqla ümumilikdə 2 dəmir yolu keçidi və 2 metro keçidi inşa olunacaq.
Kanal İstanbulun ümumi sahəsi 26 min hektar olacaqdır.
Marmara dənizindən Qara dənizə uzanacaq 45 kilometrlik Kanal İstanbul layihəsi üçün qazıntı işləri 4 il çəkəcək. Hesablamalara görə qazıntılardan 1 milyard 155 milyon 668 min kubmetr torpaq çıxarılacaq. Təxminən 18,5 kilometri Küçükçekmece Gölü və Sazlıdere Barajından keçən Kanalın quru qazıntıları təxminən 24,5 kilometr olacaq.
Kanal İstanbulun inşası eyni zamanda Türkiyədə minlərlə yeni iş yerinin açılmasına da gətirib çıxaracaq. Belə ki, tikinti mərhələsində təxminən 10 min insanın çalışacağı təxmin edilir. Kanalın layihə dəyəri isə təxminən 75 milyard lirə olaraq hesablanıb.
Kanal İstanbulun elə İstanbul şəhəri üçün də kifayət qədər faydası olacaq. Belə ki, 15 milyondan çox əhalisi olab İstanbulda sıxlığın, qələbəliyin aradan qaldırılmasında Kanal İstanbul layihəsi də mühüm rol oynayacaq. Bir sözlə Kanal İstanbul şəhəri mərkəzsizləşdirəcək. Başqa sözlə, mərkəzdəki konsentrasiyanı şəhərin qərbinə doğru dəyişəcək.
Füzuli
Olaylar.az