Satışdan çıxarılan vaxtı keçmiş uşaq qidaları regionlara satışa göndərilir-dəhşətə gələcəksiniz
Eyyub Hüseynov: “Həmin malların üzərindən buraxılma və son yararlılıq tarixləri pozularaq yenidən satışa buraxılır”
18 İyun 2012 16:53 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi ölkə ərazisindəki ticarət şəbəkələrində satılan vaxtı keçmiş məhsulların satışdan çıxarılması ilə bağlı tədbirlər görsə də, əksər hallarda bu malların yenidən satışa qaytarılması barədə məlumatlar yayılır. Məlumata görə, həmin mallar satışdan çıxarılandan sonra məhv edilmir və ayrı-ayrı ərazilərdə satışa çıxarılır. Bu da həmin malların yenidən istehlakçılar tərəfindən alınması, istifadə zamanı zəhərlənmə və digər ağır fəsadlarla nəticələnir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu faktı təsdiqləyir. Təşkilat sədri bildirir ki, satışdan çıxarılan vaxtı keçmiş mallar yenidən mağazalara qaytarılır və yenidən satılır: "Baxmayaraq ki, 1995-ci ildə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, 2000-ci ildə "Yeyinti məhsulları haqqında" qanun qəbul olunub, istehlakçı hüquqlarını qoruyan dövlət orqanı yaradılıb. Həmin dövlət orqanı hər gün ticarət şəbəkələrindən tonlarla vaxtı keçmiş məhsulların yalnız satışdan çıxarılmasını eşidirik. Eyni zamanda istehlakçı hüququnu üzərinə götürmüş Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini eşidirik. Lakin, buna baxmayaraq bazarda təhlükəli malların satışı davam edir. Bu malların sayı azalmır ki, azalmır. Səbəb isə budur ki, qanunvericilikdə boşluqlar var. Səbəblərdən biri budur ki, satışdan çıxarılan mallar satıcıya təhvil verilir, akt bağlanır ki, guya satıcı həmin malları məhv etməlidir. Bizdə olan məlumatlara görə, saxta aktlar tərtib olunur ki, guya həmin mallar məhv olunur. Əslində isə, həmin malların üzərindən buraxılma və son yararlılıq tarixləri pozularaq yenidən satışa buraxılır. Bu mallar əsasən yararlılıq tarixləri silinərək regionlarda satışa göndərilir. Bir neçə gün öncə Azad İstehlakçılar Birliyinin Bərdə rayon şöbəsi rayonda külli miqdarda vaxtı keçmiş mal aşkarlayıb. Məsələn, "Malışok" adlı uşaq qidasının üzərindən yararlılıq tarixi pozularaq regionlara göndərilib. Hazırda bizə Bərdədən aşkar edilərək göndərilən malların adlarını demək istəyirəm. "Skazıçnıy keks" adlı uşaq qidası, "Qarçitsa"(Xardal), "Skazıçnıy rulet", peçenyelər və sair malların üzərindən yararlılıq müddəti pozulub və hazırda satışdadır. Bizim təhqiqatlarımız göstərir ki, vaxtı keçmiş nə qədər mal olsa, bu istehlakçının boğazına tıxanır, istehlakçıdan pul alınır və sair. Əslində bu mallar məhv edilmir, ona görə ki, qanunvericilikdə boşluqlar var". Eyyub Hüseynov bildirir ki, satışdan çıxarılan mallar məhv edildikdən sonra satıcı həmin məhv olunan mala görə vergi ödəyir. Azad İstehlakçılar Birliyi bununla bağlı hökümətə təkliflər göndərib ki, satılmayan, məhv edilən mala görə, satıcı, biznes sahibi vergi ödəməsin. Çünki sahibkar həmin malı satıb ondan gəlir əldə etməyib. Bu problem həllini tapmadığı üçün vaxtı keçmiş mallar yenidən satışa çıxarılır: "Sirr deyil ki, regionlarda istehlakçılar malları nisyə alır və ona görə də onlar istehlakçı hüququndan istifadə edə bilmir. Malları borc götürən vətəndaş hüquqları barədə səsini qaldıra bilmir. Bu da digər bir sosial problemdir. Hansı ki, insanlar bunu deməyə utanır. Bu yaxınlarda bizə daha bir maraqlı informasiya daxil olub. "Saha" uşaq qidalarında biabırçı bir fakt aşkarladıq. Uşaq qidasının qutusunda yararlılıq və istehsal tarixi yazılıb. Amma, qutunun üzərində yazılıb ki, "içəridəki paketi açın və orada göstərilən tarixə qədər istifadə edin". Qutunun içərisindəki paketi açanda son istifadə müddəti 2002-ci il göstərilib. Belə anormal hallarla bağlı ölkənin aidiyyəti qurumları mübarizə aparsalar da, bu cür hallar davam edir".
Eyyub Hüseynov bildirir ki, Azərbaycanda qida zəhərlənmələri faktı ciddi-cəhdlə gizlədilir. Ekspert hesab edir ki, bu prosesdə maraqlar konflikti olduğu üçün gizlədilir: "Bütün mallara sertifikat verən Səhiyyə Nazirliyi həm də insanların zəhərlənməsini qeydiyyata alır. Bu iki proses eyni orqanın əlində birləşdiyi üçün zəhərlənmə faktları gizlədilir. Çünki zəhərlənmə qeydiyyata alınarsa, orada malın adı qeyd edilməlidir. Həmin mala isə Səhiyyə Nazirliyi gigiyenik sertifikat verib. Bu maraqlar konflikti də gətirib ona çıxarır ki, Azərbaycan vətəndaşları zəhərlənmənin qurbanına çevrilir. Ümumdüntya Səhiyyə Təşkilatının saytına diqqət etsək görərik ki, Azərbaycan heç də dünyada uzunömürlülər siyahısında deyil. Azad İstehlakçılar Birliyi istəyir ki, hökumətin diqqətini istehlakçıya yönəltsin. Hazırda Azərbaycanda ərzaq mallarının təhlükəsizliyinə dair qanun layihəsi müzakirə edilir. Amma, təəssüflər olsun ki, bu qanun hələ də qəbul olunmayıb və ərzaq mallarının təhlükəsizliyi tam təmin olunmur. Azad İstehlakçılar Birliyi bu yaxınlarda USAİD təşkilatının köməyi ilə Azərbaycanda bir qrup insanların treyninqini təşkil edəcək və müəssisələri stimullaşdırmaq üçün onlara qızıl, gümüş və platin mal nişanları verəcək ki, bu yolla ictimai nəzarət güclənsin".
Eyyub Hüseynov bildirir ki, bu gün Azərbaycanda içkilər, dondurma və süd məhsulları bazarında böyük problemlər var. Bu gün bazarlarda bir il yararlılıq müddəti olan dondurmalar, 6 ay yararlılıq müddəti olan süd məhsulları görürük. Bu da o deməkdir ki, həmin malların tərkibinə ömrünü uzadan kimyəvi maddələr qarışdırılıb ki, bu maddələr insan ömrünü qısaldır. Biz bununla mübarizə aparırıq və istəyirik ki, yerli və xarici istehsalçılar malların üzərində yararlılıq müddətini azaltsınlar. İstehsalçılar bilməlidirlər ki, körpə qidalarını 25 dərəcə selsidən aşağı temperaturda saxlamaq olmaz. 30-40 dərəcədə saxlanılan qidaların zəhərlənmə təhlükəsi var. Bu cür problemlər Azərbaycanda hələ də həll olunmamış qalır".
Samir