“Premium” və “Super” markalı benzinin qiymətinin qalxması
3 İyun 2021 15:17 İqtisadiyyatİlham Məmmədov: "Dünya bazarlarında neft qiymətlərinin artması ilə bağlıdır"
"Ölkədə Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzinin qiymətinin artırılması dünya bazarlarında yanacağın qiymətində qeydə alınan artımla əlaqədardır. Bundan müəyyən maraqlı qüvvələrin ajiotaj yaratmaq cəhdləri və sözügedən yanacaq növlərinin qiymətinin artımının digər sahələrdə də qiymət artımına səbəb olacağı barədə iddiaları əsassızdır". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, son aylar dünya bazarlarında neft və neft məhsullarının qiymətinin artması Azərbaycanda da sözügedən markalı benzinin qiymətinin artmasına rəvac verib: "Məlumdur ki, son vaxtlar dünya bazarlarında neft qiymətlərində bir hərəkətlilik yaşanmaqdadır. Belə olan halda Azərbaycana idxal olunan Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzininin də dünya bazarlarında bahalaşması müşahidə edilir. Ona görə də Azərbaycanda Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qalxıb"
İlham Məmmədov deyib ki, həmin markalı avtomobil benzinləri 2014-cü ilin aprelin 1-dən Azərbaycana idxal olunur və qiymət artımı da məhz bu amillə bağlıdır: "Hər kəsə bəllidir ki, həmin markalı benzinlər daxildə istehsal edilmir. Ona görə də qiymət artımı qaçılmazdır. Əgər bir müddət sonra dünya bazarlarında neft və neft məhsullarının qiyməti aşağı düşəcəksə, o zaman təbii ki, Azərbaycan da həmin markalı avtomobil benzinləri ucuzlaşacaq"
İlham Məmmədov onu da diqqətə çatdırıb ki, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinin qiymətinin artması digər istiqamətlərdə heç bir qiymət artımına səbəb olmayacaq: "Çünki, birincisi, Azərbaycanda daha çox dizel yanacağı və Aİ-92 markalı benzindən istifadə edilir. Həmin yanacaq növlərinin qiyməti isə artmayıb. İkincisi isə, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinindən çox az sayda vətəndaşlarımız istifadə edir.