İşğaldan azad edilmiş ərazilər milli iqtisadiyyata inteqrasiya etdirilir
Vüqar Bayramov: “Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhvə verəcək”
3 İyun 2021 13:58 İqtisadiyyatVüqar Bayramov: "Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhvə verəcək"
İşğldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri davam etməkdədir. Ağdam şəhərinin Baş Planının təsdiq edilməsi buna bir misaldır. Prezident İlham Əlievin məhz müstəqillik günündə Ağdama səfərı də Baş Planda əksini tapmış quruculuq işlərinə start verilməsilə bağlı oldu. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Bildirilib ki, burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub. 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. Bunları təmin etdikdən sonra investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Binanın layihələndirilməsinə ABŞ-ın "Gensler", Azərbaycanın "Azərbaycan inkişaf" və Türkiyənin "URAL mühandislik" şirkətləri cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub. Bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacağı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib. Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ olacaq. Bundan başqa, dövlət başçısının "Ağdam Sənaye Parkının yaradılması haqqında" Fərmanda Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri etdiyi qeyd olunur. Sənədə əsasən, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Mütəxəssislərin qənaətinə görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Elə bu səbədən də region iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılır, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilir, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılır.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Bütövlükdə, Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq: "Qeyd edək ki, Aran Qarabağın ən böyük rayonu olan Ağdam böyük iqtisadi potensiala malik olsa da 27 illik erməni işğal müddətində bütün infrastruktur məhv edilib. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi. İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdir. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılib. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Ağdam rayonunda 172 milyon 934 min manatlıq məhsul istesal olunub. Son 4 ildə ölkəmizin nəzarətində olan Ağdam kəndlərində məhsul istehsalı 70 faizdən çox artıb. Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə də həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir. Həmçinin ərazidəki mövcud resurslardan istifadə istehsal prosesini daha səmərəli edəcək. Bu baxımdan sənaye parkının yaradılması Ağdam və ətraf rayonlara sərmayə cəlbinə imkan verəcək. Həyata keçirilməsi nəzərdə tutulan layihələr göstərir ki, Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhvə verə biləcək. Ağdam yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur".
Zəka