Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransına Bakı ev sahibliyi edəcək

23-24 may tarixlərində Bakıda, Gülüstan sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov tədbirlə bağlı bunları bildirdi:
İllik Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan flaqman tədbiridir. Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq etmişdir. Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar. Onu da qeyd edim ki, konfransın başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq konfransda iştirak etmək istəyənlərin müraciətləri hələ də daxil olmaqdadır. Biz bunu konfransa və Azərbaycana olan maraqla izah edirik.
Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökümət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31