Avrasiyanın geoiqtisadi mənzərəsi yenilənir

"İkinci Qarabağ müharibəsində öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar bütövlükdə Avrasiya üçün mühüm geostrateji perspektivlər açıb. Yaranmış yeni unikal və universal əməkdaşlıq imkanları Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada xalqlar və dövlətlər üçün rifah, inkişaf vəd edir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndərli qeyd edib ki, bu həm də regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması olacaq. Burada ən əhəmiyyətli nüanslardan biri isə Azərbaycanın bölgədə sülh və sabitliyi təmin etməsidir. Bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin gerçəkləşdirilməsi isə üstün geosiyasi iradə nümayiş etdirir: "Azərbaycanın moderatorluğu və fəal iştirakı ilə yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə strateji əhəmiyyətə malik olacaq. Qeyd etdiyim kimi, bu geostrateji şərait Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyanı əhatə edir. Özəlliklə də bəhs olunan reallıqlar türkdilli dövlətlər arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə olacaq. Xüsusilə qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasında kommunikasiya və inteqrasiyanı gücləndirəcək. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi türkdilli dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini təmin edəcək. Həmçinin mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını da şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada geosiyasi fəallığın artmasına, geoiqtisadi rəqabətin güclənməsinə  təkan verəcək. Müşahidə olunan tendensiya  Azərbaycanı regional supergücə çevirəcək və beynəlxalq münasibətlərdə rolunu artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31