Kənd Təsərrüfatı Nazirliyinin çaxır oyunu
İsmət Abbasov indi də üzümçülükdən pul çıxaracaq
15 İyun 2012 22:10 İqtisadiyyatİndi Kənd Təsərrüfatı Nazirliyində (KTN) Azərbaycanda üzümçülüyü hansı istiqamətdə inkişaf etdirmək məsələsi üstündə ciddi baş sındırırlar. Burası tam aydındır ki, üzümçülük inkişaf etməlidir və Azərbaycanda buna geniş imkan var - bəzi bölgələrdə tarixən üzüm becərilib və üzümçülük məhsulları istehsal edilib. Amma ANS PRESS-in məlumatına görə, üzüm emalı sənayesində hansı sahənin - şərabçılığın, yoxsa kişmiş və doşab kimi alkoqolsuz məhsulların üstünlük təşkil edəcəyi barədə hələ dəqiq qərara gəlinməyib.
Hər iki sahənin öz tərəfdarları və tərəfdarların da öz arqumentləri var. Hələ ki, şərab istehsalını genişləndirməyin tərəfdarları daha güclü görünürlər. Yəni nazirliyin əməkdaşlarının böyük hissəsi ölkədə şərabçılığın inkişafını məqbul sayır. Bu fikrin tərəfdarları sovet illərində Azərbaycanda yüksək inkişaflı üzümçülük-şərabçılıq sektorunun olduğunu xatırladırlar.
Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. Komitənin müəssislərində 300 mindən artıq insan işləyirdi. 1980-ci ildə Azərbaycanda 120 milyon dekalitr çaxır, 1,16 milyon dekalitr konyak istehsal edilmişdi. Həmin vaxtlar Azərbaycanın şərab zavodları 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı və 6 növ markalı konyak istehsal edib. 1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsi olub və hektardan məhsuldarlıq 95 sentner təşkil edib. Ölkə üzrə üzüm istehsalı 2,1 milyon təşkil edib.
Həmin illərdə üzümçülükdən gələn vəsaitlər ölkə büdcəsinin 40 faizin təşkil edib. Bütövlükdə isə Azərbaycan büdcəsinin 60 faizi kənd təsərrüfatından formalaşırmış. Hazırda isə Azərbaycan büdcəsinin gəlir hissəsinin 70 faizindən çoxu neft-qaz sektorundan gələn vəsaitlərin hesabına təmin edilir. Yəni üzümçülük sektoru əvvəlki gücünü bərpa edərsə, büdcə gəlirlərinin təminində neft sektoruna layiqli alternativ ola bilər.
Lakin ANS PRESS-in araşdırmasına görə, bu o qədər də asan məsələ deyil. Mövcud rəqəmlər 1980-ci il rəqəmlərindən çox-çox aşağıdır. Hazırda Azərbaycan üzrə üzümlüklərin toplam sahəsi 15 min hektardan azacıq çoxdur. Hər il ölkə üzrə 130 min tona yaxın üzüm yığılır və üzüm şərabı istehsalı 1 milyon dekalitr ətrafındadır. Göründüyü kimi, bəzi rəqəmlər hətta 100 dəfədən çox aşağı düşüb. Bu məsələdə ən böyük geriləmə 1980-ci illərin payına düşür - Mixail Qorbaçovun alkoqol əleyhinə apardığı kampaniyanın ən ağır zərbəsi Azərbaycana dəymişdi və 130 min hektar üzüm bağı qısa müddət ərzində məhv edilmişdi. Ermənistan tərəfindən işğal edilən Qarabağ torpaqlarında isə 45 min hektardan çox üzüm bağı qalıb. Yəni 180 min hektara yaxın üzüm bağı hələ sovet illərində itirilib. Qalan 80 min hektardan çox üzüm bağı isə müstəqillik illərində məhv oldu - 1990-cı illərdə Rusiya ilə əlaqələrin qırılması nəticəsində şərab zavodları məhsulunu sata bilmədi və əhalidən üzüm tədarük etmədi. Nəticədə, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başladı.
Hazırda isə KTN tərəfindən ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınması siyasəti yürüdülür. Təxminən hər il bu rayonlar üzrə sahələr təxminən 200 hektar artırılır. Məsələn, keçən il Şamaxıda 1,1 min hektar üzüm bağı olubsa, bu il 1,3 min hektara çatdırılıb. 2020-ci ildə Şamaxıda üzüm bağlarının sahəsi 5,5 min hektar olmalıdır. Xüsusi qəbul edilmiş Dövlət Proqramı çərçivəsində 2020-ci ildə ölkə üzrə üzüm bağlarının sahəsi 50 min hektara çatdırılmalıdır. Bağlar Şamaxı - Ağsu - İsmayıllı, Cəlilabad, Gəncə - Qazax, Naxçıvan bölgələrini əhatə etməlidir. Beləliklə, 2020-ci ilə Azərbaycanda üzüm istehsalı 500 min tona çatdırılmalıdır. KTN təmsilçilərinin ANS PRESS-ə verdiyi məlumata görə, yığılan məhsulun 30 faizinin süfrə üzümü olacağı düşünülür. Qalan 350 min ton üzüm isə emal edilərək markalı şərablara çevriləcək. Buna uyğun olaraq şərab zavodları tikiləcək və ümumiyyətlə, hər hektar başına 4 nəfər, yəni 200 minə yaxın adam işlə təmin ediləcək.
KTN təmsilçiləri bu şərablara müştəri tapmağı elə də çətin saymırlar. Onların fikrincə, Rusiya bazarı o qədər böyükdür ki, Azərbaycanın istehsal edəcəyi 28 milyon dekalitr şərab üçün bu bazarda alıcı tapmaq elə də çətin olmayacaq. Hər halda, Azərbaycan bu bazarda vaxtılə ilə 100 milyon dekalitrə qədər çaxır satıb.
Lakin dövr dəyişib və Rusiyanın şərab bazarının indiki vəziyyətini öyrəndikdə, bu bazara 28 milyon çaxırla girməyin elə də asan olmayacağını görmək asandır. Statistik məlumatlara görə, Rusiyada hər il 76 milyon dekalitr çaxır istehlak edilir ki, bunun 40 milyon dekalitri yerli zavodların hesabına təmin edilir. Zavodlar 22 milyon dekalitrin istehsalında Rusiya xammalından istifadə edir, 18 milyon dekalitr isə xaricdən gətirilmiş çaxır materialından qablaşdırılır. Yəni Rusiya bazarında 36 milyon dekalitr boş yer var və həmin yerin uğrunda hazırda Moldaviya, Ukrayna, Özbəkistan və s. kimi MDB ölkələri ilə yanaşı, İspaniya kimi nəhəng üzümçülük ölkəsi mübarizə aparır. İspaniya "süfrə çaxırı" kimi tanınan dünyanın ən ucuz şərab məhsulun Avropa üzrə ən böyük ixracatçısıdır və onun plastik qablarda istehsal etdiyi bu məhsulunun litrinin qiyməti 1 avro ətrafındadır. Təbii ki, MDB ölkələrinin istehsal etdiyi bahalı marka şərabları belə ucuz məhsulla rəqabət aparmaq qabiliyyətində deyil.
Həm də sovet illərindən fərqli olaraq Rusiyada şərab istehlakının strukturu dəyişib - bir vaxtlar Azərbaycanın ucuz "Ağdam" portfeyninin ən böyük itstehlakçısı olan şimal qonşumuzun sakinləri indi çaxırı bayramdan bayrama, nəyisə qeyd edəndə içirlər - rus insanı gündəlikdə daha tünd alkoqoldan və ya pivədən istifadə edir. Azərbaycanda "Ağdam" istehsalı da artıq mümkün deyil, çünki bu çaxır xüsusi sort üzümdən hazırlanırdı və həmin sort yalnız Ağdam rayonunda yetişdirilirdi, Ağdam işğal edildikdən sonra həmin çaxır da tarixə qovuşdu.
Məhz bu amillər Azərbaycanda üzümçülüyün inkişafını kişmiş, reçal, doşab, abqora, sirkə kimi məhsulların istehsalına yönəltməyi vacib sayanlarını xeyli cürətləndirir. Bu fikrin tərəfdarları üzümçülüyün inkişafını ilk növbədə daxili bazarın ehtiyaclarına yönəltməyi məsləhət görürlər. Onların fikrincə, Azərbaycan ilk növbədə daxili bazarını süfrə üzümü, kişmiş, doşab və s. kimi üzümçülük məhsulları ilə tam təmin etməlidir və onların ixrac imkanlarına diqqəti artırmalıdır. Rusiya həkimlərinin araşdırmasına görə, insanların il ərzində 50 kiloqram üzüm və üzüm məhsullarını qəbul etməsi məqbuldur - burada çaxır istisna edilir (adam başına illik çaxır norması 180 litrə yaxın götürülür ki, bu da 220 kiloqramdan çox üzüm deməkdir). Beləliklə, 9 milyonluq Azərbaycan əhalisinin kişmiş, doşab və digər alkoqolsuz üzüm məhsullarına ehtiyacı 450 milyon ton üzüm istehsalını vacib edir, bu da təxminən 45 -50 min hektar sahənin məhsuluna uyğun gəlir. Hazırda bu məhsulların böyük hissəsi xaricdən gətirilir, dükan-bazarda əsasən İran kişmişi satılır, cənub qonşumuz qış vaxtı süfrə üzümü bazarında da dominantlıq edir. Avropa ölkələrindən də yetərincə üzüm idxal edilir. Həm də üzümdən çaxır istehsalı böyük sərmayə və səbr tələb edən zəhmətli bir işdir. Kişmiş və doşab kimi məhsulların istehsal isə elə də böyük sərmayə tələb etmir. Həm də Avropada bioməhsulların istehlakına diqqətin artması belə məhsulların satışını da asanlaşdırır.
Bu faktları dilə gətirən ekspertlər Azərbaycanın həmişə sabit daxili bazarı təmin etdikdən sonra Rusiya və Avropa bazarlarına da çıxa biləcəyini vurğulayırlar. Onların fikrincə, Azərbaycanın özündə şərab istehsalının mövqeləri gündən günə zəifləyir. İndi toylarda belə çaxır içmirlər - çünki İslamın mövqeləri gücləndikcə içki içənlərin sayı azalır, alkoqol həvəskarları isə çaxırdansa daha tünd içki olan arağa üstünlük verir. Bu fikrin tərəfdarları hər hansı bir istehsalı xarici bazara, özəlliklə bir ölkənin - Rusiyanın bazarına əsaslandırmağı riskli sayırlar. Yəni Rusiya istənilən vaxt xüsusi qərarlarla Azərbaycan məhsullarını öz bazarına buraxmaya bilər - 90-cı illərin acı təcrübəsi belə düşünməyə vadar edir.
ANS PRESS-in araşdırmasından belə görünür ki, Azərbaycanda işini bərpa etməyə qərar vermiş şərab zavodları da yalnız Rusiya bazarına ümid bağlamırlar və üzlərini daha çox Avropaya tutublar. Bu zavodlar istənilən ən cüzi məlumatı mətbuata verməyə belə risk etmirlər - aralarında ciddi rəqabət olduğu açıqca sezilir.
Amma KTN ekspertləri belə iri istehsalçıların deyil, daha çox xırda fermerləri üzüm bağları əkməyə həvəslənlirmək barədə düşünürlər. Nazirliyin mütəxəssilərinin fikrincə, hər birinin nəzarətində 0,5-1 hektar sahə olan 10-15 fermerlər birləşərək bir üzüm plantasiyası salması və üzüm emalı müəssisəsi yaratması daha məsləhətli olar. Onların layihələrinin maliyyə mənbəyi də artıq məlumdur - bu cür müəssisələrin yaradılmasına vəsaitlər Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ödənəcək.