Qeyri-neft sektorunda istehsal 10,9 faiz artıb
16 May 2013 13:09 İqtisadiyyat2013-cü ilin yanvar-aprel aylarında ölkədə 17,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,
ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1861,9 manat (2372,8 ABŞ dolları) təşkil etmiş və 2,5 faiz artıb. Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 51,5 faiz təşkil edib. Qeyri-neft sektorunun belə artımını əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyərin 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3 faiz artması təmin edib, bununla yanaşı ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə dəyər 9,4 faiz, informasiya və rabitə xidmətlərində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz artıb.