Neftin qiyməti 50 dollara düşə bilər
14 İyun 2012 18:56 İqtisadiyyatAvrozonada müşahidə olunan böhran dərinləşərsə, neftin dünya bazarında qiyməti 2 dəfə azala bilər. "APA-ECONOMICS"in "The Telegraph"a istənidən verdiyi məlumata görə, bunu İsveçrənin aparıcı banklarından olan "Credit Suisse" bildirib.
Bankın ekspertləri hesab edirlər ki, etimad böhranı nəticəsində neftə tələbat kəskin azala və "Brent" markalı neftin qiyməti 50 dollara enə bilər. Qeyd edək ki, ötən həftə "CIBC World Markets"in ekspertləri indiki iqtisadi vəziyyət davam edərsə, WTI markalı neftin qiymətinin 70 dollara düşəcəyi barədə proqnoz veriblər. Hazırda isə WTI neftinin 1 bareli 82-83 dollara satılır.
"Religare Capital Markets"in mütəxəssisləri isə WTI markalı neftin 80 dollara, "Brent" neftinin isə 90 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Bu ilin may ayında neft 20% ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycanın "Azeri Light" markalı nefti bir qayda olaraq "Brent" neftindən təqribən 2-3 dollar baha satılır.